Kürdəmirdə toyda 100 ə yaxın insan niyə zəhərlənib?

01.10.2026

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Paytaxt Bakı və digər şəhərlərdəki şadlıq saraylarında verilən menyunun keyfiyyət məsələsi xeyli dərəcədə öz həllini tapsa da, bunu rayonlardakı toy məclislərilə bağlı söyləmək olmaz. Dünən Kürdəmirdəki şadlıq sarayında baş verən olay bunu bir daha təsdiqləyir.

Rayondakı “Günəş” restoranında keçirilən toy mərasimindən sonra 92 nəfər zəhərlənmə diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Zərərçəkənlərin vəziyyətləri orta-ağır qiymətləndirilir. Onların əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Restorator Mahir Əhmədzadə “Bakupost”a bildirib ki, rayon şadlıq saraylarında keçirilən toylarda ərzağı bir sıra hallarda toy sahibi özü gətirir:

“Bu kimi icarə toylarında obyekt sahibi menyunun keyfiyyətinə məsuliyyət daşımır. Amma yenə də obyekt sahibi məsuliyyətli olmalı, gətirilən məhsulların sənədini istəməlidir. Yəni bütün hallarda obyekt sahibi prosesə nəzarət etməlidir. Bakıdakı menyu toylarında isə proses Qida Təhlükəsizliyi Agentliyinin tələblərinə uyğun həyata keçirilir. Heç bir obyekt sənədi, sertifikatı, mənşəyi məlum olmayan məhsul işlətmir”.

Müsahibimizin fikrincə, problemin həlli üçün rayondakı obyektlərdə gətirilən məhsullara nəzarət edən məsul şəxslər olmalıdır:

“Məsələn, aksiz markası olmayan spirtli içkiləri restoranlar qəbul etməməlidir. Çünki onun mənşəyi məlum deyil. Eyni şeyi digər məhsullara da şamil edilməlidir. Hər bir məhsulun sertifikatı, sənədi olmalıdır. Bu yoxdursa, ona başqa cür necə nəzarət etmək olar? İcarə toyu olsa da belə, obyekt sahibi toy sahibindən bunları tələb etməlidir”.

Rüfət Sultan,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью