Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türk ədəbiyyatının unudulmaz klassiklərindən olan Sabahattin Alinin “Kürk Mantolu Madonna” romanı bədii film kimi böyük ekrana köçürülür.
“Qafqazinfo” xəbər verir ki, rejissorluğunu Sedat İncinin edəcəyi layihədə baş qəhrəmanlardan biri olan “Maria Puder” obrazını yaratmaq üçün tanınmış aktrisa Farah Zeynep Abdullahla danışıqlar aparılır.
“Dilberay” və “Cem Karacanın Göz Yaşları” kimi uğurlu ekran əsərlərinə imza atan “Fikri Harika Productions” və “Saçaklı Film Studiyaları”nın birgə tərəfdaşlığı ilə ərsəyə gələcək filmin kastinq prosesi davam edir. Farah Zeynep Abdullahla razılıq əldə olunacağı təqdirdə aktrisa “Maria Puder” obrazına həyat verəcək. Romanın digər baş qəhrəmanı “Raif Efendi” rolunu kimin ifa edəcəyi isə hələlik açıqlanmayıb.
İlk dəfə 1943-cü ildə nəşr olunan “Kürk Mantolu Madonna” romanı qapalı xasiyyətli “Raif Efendi”nin gənclik illərində Berlindəki sənət qalereyasında gördüyü bir portretdən təsirlənməsi və rəsmin müəllifi olan azad ruhlu rəssam “Maria Puder”lə yaşadığı dərin, lakin faciəvi sevgisindən bəhs edir. Sabahattin Alinin psixoloji təhlilləri ilə seçilən bu incisi nəşrindən onilliklər keçməsinə baxmayaraq, hələ də ən çox oxunan əsərlər sırasındadır.