Kurtua İtaliya klubunu satın alacaq

14.11.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Madrid “Real”ının belçikalı qapıçısı Tibo Kurtua İtaliyanın C Seriyasında çıxış edən “Recana” klubunun sahibi ola bilər.

Futbolpress.az xəbər verir ki, ANSA agentliyinə danışan qolkiperin Qonsalo Vila ilə birlikdə təsis etdiyi “NXTPLAY Capital” investisiya platforması klubun səhmlərinin 100 faizini satın almaq istədiyini açıqlayıb. Şirkət nümayəndələri son aylar ərzində bir neçə dəfə Reco-Emiliyaya səfər edərək klubun fəaliyyətini araşdırıb, yerli sahibkarlar, sponsorlar və səhmdarlarla görüşlər keçiriblər.

Məsələ ilə bağlı fikirlərini bölüşən Kurtua uzunmüddətli və iddialı layihə qurmaq istədiklərini bildirib:

“Karyeram ərzində bir futbol klubunun öz şəhəri üçün nə qədər böyük əhəmiyyət daşıdığını görmüşəm. NXTPLAY ilə birlikdə Reco-Emiliya sakinlərinin qürur duyacağı bir layihə, meydanda iddialı, yerli icmaya yaxın və uzunmüddətli perspektivə hesablanmış bir klub yaratmaq istəyirik. Gənc futbolçuların inkişafı üçün lazımi şəraitin yaradılması görəcəyimiz bütün işlərin mərkəzində dayanacaq”.

Qeyd edək ki, ötən mövsüm B Seriyasını tərk edən “Recana” sonuncu dəfə 1996/97 mövsümündə İtaliya futbolunun elitasında çıxış edib. Kurtua isə daha əvvəl NXTPLAY vasitəsilə İspaniyanın “Estremadura” klubunun səhmlərini alıb, həmçinin Belçikanın “Genk” və Fransanın “Le Man” klublarına sərmayə qoyub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью