Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05.11.2026

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

İqtisadçı ekspert Xalid Kərimli sözügedən vergi dəyişikliklərini və onun daşıma tariflərinə təsirini Ölkə.az-a şərh edib. 

O bildirib ki, kuryerlər əvvəllər də vergi ödəyirdilər: “Yəni, kuryer fəaliyyəti vergisiz fəaliyyət deyildi. Kuryerin çalışdığı sahibkar onun gəlirindən vergi hesablayırdı. İndi fərdi kuryer fəaliyyəti sadələşdirilmiş vergiyə çevrilir. Bu isə prosesi sadələşdirmək və nəzarəti artırmaq üçün atılan addımdır”.

Ekspert bunun xərc və ya qiymət artımına gətirib çıxaracağını düşünmür: “Əslində 15 manatlıq sadələşdirilmiş vergi prosesi rahatlaşdırır. Lakin burada bir məqam var. Kuryerlər hər zaman vergi verirdilər ya bundan yayınırdılar? Yayınırdılarsa, indi də yayınacaqlarmı? O zaman bu qanunun dəyişməsinin prosesə təsiri olmayacaq. 

Əgər kuryerlər gəlirlərindən vergi ödəyirdilərsə, bu halda onların ödədiyi məbləğ yeni layihədə nəzərdə tutulan məbləğdən çox ola bilər. Bu da kuryerin dövriyyəsindən asılıdır. Buna görə də, sözügedən yenilikdən sonra daşıma tariflərinin dəyişəcəyini güman etmirəm. Əgər əvvəllər kuryerlərə görə verginin ödənilməsinə nəzarət edilmir, indiki dəyişikliklərdən sonra nəzarət ediləcəksə, bu zaman daşıma xərclərində artım müşahidə edə bilərik”. 

X. Kərimli qeyd edib ki, burada müxtəlif ssenarilər var:

“Məsələn, bir kuryerin ay ərzində 100 sifariş çatdırdığını fərz etsək, bu zaman təqribi 25 iş günü ərzində günə 4 sifariş düşəcək. Bu halda hər sifarişə düşən vergi məbləği 15 qəpik olur. Əminəm ki, sifariş sayı günlük olaraq 7-8-ə çatır. Bu da məbləği daha da aşağı endirir. Nəticədə, bu da böyük məbləğ deyil”. 

“Burada bir nüans var. Sözügedən sabit vergini kuryrin çalışdığı sahibkar da ödəyə bilər və ya kuryer bunu öz gəlirindən kompensasiya edə bilər. Bu baxımdan hesab etmirəm ki, bu dəyişiklik qiymət artımına gətirib çıxara bilər. Daşıma bazarında əsas məqam rəqabət səviyyəsidir. Rəqabət aşağı düşəcək və kuryerlərin işinə tələbat artacaqsa, bu, qiyməti artıra bilərlər”, - deyə ekspert əlavə edib.

Könül Vəliyeva 
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью