Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Bizimyol.info xəbər verir ki, bu barədə KXDR Xarici İşlər Nazirliyi nümayəndəsinin bəyanatında bildirilir.
Bəyanatda qeyd olunur ki, ABŞ və onun müttəfiqləri guya KXDR-dən qaynaqlanan kibertəhdidlər barədə iddialar irəli sürərək ölkənin beynəlxalq imicinə xələl gətirməyə çalışırlar.
"ABŞ və onun həmfikirləri guya bizdən qaynaqlanan kibertəhdid barədə hay-küy salaraq dövlətimizin nüfuzunu ləkələmək məqsədi daşıyan birgə xəbərdarlıq yayıblar. Bu cür addımlar onların adət etdiyi siyasi ittiham kampaniyasının tərkib hissəsidir", – deyə KXDR XİN nümayəndəsi bildirib.
Pxenyan eyni zamanda Sanksiyalara Nəzarət üzrə Çoxtərəfli Monitorinq Qrupunun (MSMT) fəaliyyətini də tənqid edib. Bildirilib ki, qrupun iştirakçıları yalan məlumatlar yayır, qurumun özü isə Qərb ölkələri tərəfindən yaradılmış "saxta təşkilat"dır.
KXDR Xarici İşlər Nazirliyinin nümayəndəsi iddia edib ki, kiberməkanı hərbiləşdirən məhz ABŞ-dır. Onun sözlərinə görə, Vaşinqton kibermüharibə qüvvələrini genişləndirir, müttəfiqləri ilə birgə təlimlər keçirir və kibertəhlükəsizlik mövzusundan suveren dövlətlərə təzyiq vasitəsi kimi istifadə edir.
Diplomat vurğulayıb ki, KXDR ABŞ və onun müttəfiqlərinin kibertəhlükəsizlik məsələsini siyasiləşdirmək, bu mövzudan digər ölkələrə qarşı ittiham və təzyiq aləti kimi istifadə etmək cəhdlərinə imkan verməyəcək.
Bundan əvvəl ABŞ, Cənubi Koreya, Yaponiya və Sanksiyalara Nəzarət üzrə Çoxtərəfli Monitorinq Qrupuna daxil olan bir sıra digər ölkələr KXDR-lə əlaqələndirdikləri kibermərkəzlərin qanunsuz fəaliyyəti ilə bağlı birgə xəbərdarlıq yayıblar. Həmin sənəddə iddia olunurdu ki, bu yolla əldə edilən vəsaitlər KXDR-in kütləvi qırğın silahları və ballistik raket proqramlarının maliyyələşdirilməsinə yönəldilir.
Bizimyol.info