Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu barədə beynəlxalq təhlükəsizlik məsələləri üzrə şərhçi Kan Von Çxol Koreyanın Mərkəzi Teleqraf Agentliyində (KCNA) yayımlanan məqaləsində bildirib.
“Yaponiyanın müdafiə üzrə “Ağ kitabı” hərbi maşının fəaliyyətini legitimləşdirməyə yönəlmiş yenidən təcavüz sənədidir”, – deyə şərhçi qeyd edib.
Onun sözlərinə görə, Tokio KXDR və digər bəzi qonşu ölkələri “ciddi və birbaşa təhdid”, eləcə də “ən böyük strateji çağırış” kimi təqdim etməklə öz hərbi imkanlarını genişləndirməsinə haqq qazandırmağa çalışır.
Kan Von Çxol bildirib ki, Yaponiya digər ölkələrdən gələn təhdidlərin artmasını əsas gətirərək silahlı qüvvələrini sürətlə gücləndirmək və modernləşdirməklə ardıcıl şəkildə hərbi dövlətə çevrilmək yolunda irəliləyir.
Məqalədə Yaponiya hakimiyyəti İkinci Dünya müharibəsinin nəticələrinə yenidən baxmağa, ABŞ və onun tərəfdaşları ilə hərbi ittifaqları möhkəmləndirməyə, həmçinin Özünümüdafiə Qüvvələrinin imkanlarını genişləndirməyə çalışmaqda ittiham olunur.
Şərhçinin fikrincə, Tokionun müdafiə xarakterli kimi təqdim etdiyi bu siyasət əslində regionda gərginliyin artmasına gətirib çıxarır.
Bununla əlaqədar müəllif KXDR-in dövlət suverenliyinin qorunması, eləcə də regionda sülh və sabitliyin təmin edilməsi üçün özünün “hərbi çəkindirmə potensialını” daha da gücləndirməsinin zəruri olduğunu bildirib.
Şərhçi beynəlxalq ictimaiyyəti Yaponiyanın “yeni militarizminə” qarşı çıxmağa çağırıb. O vurğulayıb ki, ölkənin hərbi dövlətə çevrilməsi istiqamətində atılan addımlar ilk növbədə Yaponiyanın öz təhlükəsizliyi üçün riskləri artıracaq.
Bizimyol.info