Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb. ''Qalatasaray''ın rəqibi bəlli olub.
"Football-plus.az" xəbər verir ki, Türkiyə çempionu İtaliya nəhəngi ''Yuventus''la qarşılaşacaq.
Bu iki klub arasında keçmiş illərdə bir neçə maraqlı qarşılaşmalar baş tutub. Xüsusilə 2013-cü ildə ÇL-in qrup mərhələsinin son turunda qarlı duel yaddaşlardan silinməyib. Həmin vaxt ''Cim-Bom'' İstanbulda hava şərtləri üzündən ertəsi gün davam etdirilən oyunda Sneyderin qolu ilə qalib gələrək ''Yuve''nin pley-offa yolunu kəsmişdi. Bu iki klubu birləşdirən daha bir məqam Viktor Osimhendi. ''Yuve'' ötən ilin yayında nigeriyalı forvardı transfer edə bilmək üçün dəridən-qabıqdan çıxsa da, bunu bacarmamışdı.
''Qoca sinyora''nın tarixində iz buraxan isimlərdən olan, 2013-dəki matçda iştirak edən Corcio Kyellini hazırda bu klubda direktor vəzifəsini icra edir. Tanınmış futbol adamı püşkün nəticəsini şərh edərək bunları deyib:
''Qalatasaray'' bizə rəqib olan kimi həm Osimhen, həm də 2013-dəki oyun yadıma düşdü. İstanbul ilə bağlı həmin acı xatirəni silmək üçün əlimizə gözəl fürsət düşüb. ''Qalatasaray'' mükəmməl oyunçulara malik olan güclü klubdu. Səfərdəki ilk matçda inamlı oyun sərgiləməliyik. Cavab matçı evimizdə olacaq. Onların meydanında düzgün strategiya seçməli və rəqibin zəif yönlərindən yararlanmalıyıq. Bu dəfə ''Qalatasaray''la oyun iki hissədən ibarət olacaq. Ona görə də problem olmamalıdı. O vaxt meydanın bir hissəsi fərqli şəkildə hazırlanmışdı. Biz məğlub olmuşduq və həlledici səhv mənim boynumda idi. Açığı, həmin məğlubiyyətə görə indiyə qədər də özümü günahkar hiss edirəm. Bu dəfə fərqli oyun olacaq. Bu dəfə dünya da, bu klublar da fərqlidi. Amma ''Qalatasaray''a böyük hörmətimiz var''.