Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İspaniyanın “Barselona” futbol komandası La Liqanın 13-cü turunda möhtəşəm geri dönüşə imza atıb. Kataloniya təmsilçisi doğma meydanda “Vilyarreal”ı 3:2 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, “Spotify Kamp Nou” stadionunda keçirilən qarşılaşma meydan sahibləri üçün uğursuz başlayıb. Artıq beşinci dəqiqədə Teycon Byukenen hesabı açıb. Cəmi iki dəqiqə sonra Tani Oluvaseyi fərqi iki topa çatdırıb.
Erkən qollardan sonra “Barselona” vəziyyəti dəyişməyə çalışsa da, ilk hissədə rəqibinin müdafiəsini yara bilməyib. Komandalar fasiləyə qonaqların 2:0 hesablı üstünlüyü ilə yollanıblar.
İkinci hissədə isə meydanda tam fərqli mənzərə yaranıb. 57-ci dəqiqədə Jerar Martin fərqi minimuma endirib. Dörd dəqiqə sonra Fermin Lopes hesabı bərabərləşdirib - 2:2.
Kataloniya təmsilçisinin təzyiqi 67-ci dəqiqədə növbəti qolla nəticələnib. “Vilyarreal”ın müdafiəçisi Pau Navarro topu öz qapısına göndərib və “Barselona” qarşılaşmada ilk dəfə hesabda önə keçib.
Qonaqların oyunun sonlarında nəticəni dəyişmək cəhdləri uğursuz olub. Beləliklə, Hans-Diter Flikin komandası iki top fərqi ilə geridə olduğu qarşılaşmadan qalib ayrılıb.
Bu qələbədən sonra “Barselona” xallarının sayını 36-ya çatdıraraq turnir cədvəlində liderliyini qoruyub. “Vilyarreal” isə 15 xalla 11-ci pillədə qərarlaşıb.
Növbəti turda “Barselona” noyabrın 29-da “Deportivo” ilə qarşılaşacaq. “Vilyarreal” isə həmin gün səfərdə “Selta”nın qonağı olacaq.