525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Anar İbrahimovdur.
Müsahibimizlə Xalq rəssamı Hüseyn Əliyevin "Laçın dağları" əsəri haqqında danışmışıq.
Qarabağın və Zəngəzurun füsunkar təbiətinin əhatəsində, dağların qoynunda göz açan görkəmli sənətkar, Azərbaycan SSR Xalq Rəssamı Hüseyn Əlirza oğlu Əliyev (1911-1991) ömrünü rənglərin musiqisinə həsr edib.
Onun sənətə gəlişi baharın canlanmasına - 22 aprel 1911-ci ilə təsadüf edib.
Doğulduğu Comardlı kəndinin mənzərələri, dağlar, şəlalələr on iki yaşlı uşağın qəlbinə hakim kəsilib və o, ilk təbiət mənzərəsini çəkərək bu yola ilk addımını atıb.
Sənət eşqi onu Bakıya, Rəssamlıq Texnikumuna (1927-1932), oradan isə böyük sənət ocağı olan Leninqrad Rəssamlıq İnstitutuna (1932-1935) aparıb.
Hələ erkən yaşlarından kəskin müşahidə qabiliyyətinə malik olan Hüseyn Əliyev tələbəlik illərində "Molla Nəsrəddin" kimi mühüm bir nəşrlə əməkdaşlıq edərək, cəmiyyətdəki eybəcərlikləri qamçılayan karikaturaları ilə tanınıb.