Laçın: Zəfərdən dirçəlişə uzanan yol

25.08.2026

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

26 Avqust – Laçın Şəhəri Günü Azərbaycan xalqının Zəfər tarixində xüsusi yeri olan
əlamətdar günlərdəndir. Bu tarix Laçının azadlığını, doğma sakinlərinin öz yurdlarına
qayıdışını və şəhərin yeni inkişaf mərhələsinə qədəm qoymasını simvolizə edir. Bu gün
Laçın artıq keçmişin ağrılı xatirələri ilə deyil, gələcəyə böyük inamla baxan, sürətlə
yenilənən və müasirləşən şəhər kimi tanınır.
Laçının taleyi Azərbaycan xalqının son otuz ildə keçdiyi mürəkkəb tarixi yolun
ayrılmaz hissəsidir. 1992-ci il mayın 18-də işğal edilən Laçın uzun illər doğma yurd həsrəti
ilə yaşayan insanların qəlbində yaşadı. Lakin Azərbaycan dövləti heç zaman bu torpaqların
işğalı ilə barışmadı. Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən sonra Laçının azadlığı
istiqamətində də mühüm addımlar atıldı. 2022-ci il avqustun 26-da Laçın şəhəri tam
nəzarətə götürüldü və həmin tarix sonradan Laçın Şəhəri Günü kimi təsis edildi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Laçına səfərləri şəhərin
bugünkü inkişaf tarixinin mühüm səhifələrini təşkil edir. 2022-ci il sentyabrın 21-də dövlət
başçısının Laçına səfəri xüsusilə böyük tarixi əhəmiyyət daşıyırdı. Həmin səfər zamanı
Laçın şəhərində Azərbaycan Bayrağı ucaldıldı, mühüm infrastruktur layihələrinin təməli
qoyuldu. Bu mənzərə uzun illər sonra doğma şəhərində dalğalanan üçrəngli bayrağımızın
yaratdığı qürurun ifadəsi idi.
Dövlət başçısının həmin dövrdə Laçının gələcəyi ilə bağlı səsləndirdiyi fikirlər
şəhərin yalnız bərpa edilməyəcəyini, müasir və nümunəvi yaşayış məkanına çevriləcəyini
göstərirdi. Prezident sonrakı səfərlərində də dəfələrlə vurğulayıb ki, Azərbaycan xalqı öz
torpaqlarına dağıtmaq üçün deyil, qurmaq və yaratmaq üçün qayıdıb. Laçında görülən işlər
bu fikrin ən parlaq təsdiqidir.
2023-cü il avqustun 26-da Laçında ilk dəfə Şəhər Günü böyük təntənə ilə qeyd edildi.
Prezident İlham Əliyev həmin tədbirdə çıxış edərək Laçının azadlığının məhz 26 avqust
tarixi ilə bağlı olduğunu bildirdi. Dövlət başçısı həmçinin qeyd etdi ki, Laçın sakinlərinin
doğma şəhərə qayıdışı artıq başlamış və şəhərin dirçəliş dövrünə qədəm qoyulmuşdur.
Bu gün həmin sözlərin real nəticələrini görmək mümkündür. Yeni yaşayış
məhəllələri, yollar, sosial obyektlər, məktəblər, istehsal müəssisələri və turizm
infrastrukturu Laçının simasını sürətlə dəyişir. 2025-ci ilin mayında Prezident İlham
Əliyevin Laçına səfəri zamanı şəhərdə və rayonda çoxsaylı layihələrin açılışı və

təməlqoyma mərasimləri keçirildi. Laçın kanat yolunun təməli qoyuldu, elektrik şəbəkəsinin
rəqəmsal idarəetmə mərkəzi istifadəyə verildi, Bəylik kəndinin açılışı edildi və sakinlərə
evlərin açarları təqdim olundu.
Laçının inkişafında iqtisadi və turizm potensialının reallaşdırılması da xüsusi
əhəmiyyət daşıyır. 2025-ci ildə “Laçın” İstirahət Kompleksinin açılması şəhərin və rayonun
turizm imkanlarının genişləndirilməsi baxımından mühüm addım oldu. Laçın Beynəlxalq
Hava Limanının istifadəyə verilməsi isə bölgənin nəqliyyat əlçatanlığını və iqtisadi
imkanlarını daha da artırdı.
Prezident İlham Əliyev 2023-cü ildə Laçın şəhərinin sürətlə dəyişən siması barədə
danışarkən onun gələcəkdə müasirliyi ilə seçiləcəyini vurğulamışdı. Bu gün şəhərin
küçələrində, parklarında, yaşayış məhəllələrində və yeni infrastrukturunda həmin baxışın
nəticələrini görmək mümkündür. Dövlət başçısının ifadəsi ilə desək, Laçın doğrudan da
“cənnət” məkanına çevrilir.
Laçının inkişafı yalnız şəhərin öz gələcəyi baxımından deyil, bütün Qarabağ və Şərqi
Zəngəzurun iqtisadi potensialının üzə çıxarılması baxımından da mühüm əhəmiyyət daşıyır.
2026-cı il iyulun 11-də Prezident İlham Əliyev Laçında Həkəriçay su anbarının təməlini
qoydu. Layihənin böyük su ehtiyatlarının yaradılmasına və bir sıra rayonların içməli su
təminatına töhfə verməsi nəzərdə tutulur. Eyni səfərdə Laçında yeni su elektrik
stansiyalarının istifadəyə verilməsi regionun “yaşıl enerji zonası”na çevrilməsi
istiqamətində görülən işlərin davamı oldu.
Beləliklə, 26 Avqust – Laçın Şəhəri Günü yalnız bir şəhərin azadlıq tarixini
xatırladan gün deyil. Bu tarix Azərbaycan dövlətinin gücünün, xalqımızın iradəsinin,
şəhidlərimizin fədakarlığının və Böyük Qayıdışın təntənəsidir. Bu gün Laçında Azərbaycan
Bayrağı qürurla dalğalanır, doğma sakinlərin səsi eşidilir, uşaqlar məktəbə gedir, yeni ailələr
öz evlərinə köçür. Laçın yenidən yaşayır, inkişaf edir və gələcəyə doğru inamla addımlayır.
26 Avqust – Laçın Şəhəri Günü münasibətilə bu qədim və gözəl şəhərimizin bütün
sakinlərini ürəkdən təbrik edir, Laçına daim sülh, firavanlıq və əbədi inkişaf arzulayırıq.
Laçının hər yeni günü Azərbaycanın Zəfər salnaməsinə yazılan yeni bir səhifədir.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью