Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi” İctimai Birliyi tərəfindən icra olunan “Qadınlar üçün sahibkarlıq və peşə təlimlərinin təşkili” adlı layihənin ilk təlimi 21 iyul 2025-ci il Laçın rayonunda təşkil edilib.
Layihənin əsas məqsədi Laçın rayonunda yaşayan və xüsusilə Böyük Qayıdış prosesində öz doğma torpaqlarına geri dönmüş qadınların iqtisadi və sosial fəallığını artırmaq, onların müasir əmək bazarına uyğunlaşmasına kömək göstərməkdir.
Bu təşəbbüs qadınların cəmiyyətə daha fəal inteqrasiyasını təmin etməklə yanaşı, onların ailə və cəmiyyət daxilində rolunun gücləndirilməsinə dəstək verir.
Layihə çərçivəsində keçirilən təlimdə qadınların sahibkarlıq sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi, peşə yönümlü istiqamətlərdə ilkin bilgilərin aşılanması və praktiki bacarıqların formalaşdırılması məqsədi ilə müxtəlif mövzuları əhatə edən maarifləndirici sessiyalar həyata keçirilib.
Tədbirin açılışında çıxış edən “Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi” İctimai Birliyinin sədri İradə Nəsirova layihənin mahiyyəti və məqsədləri barədə ətraflı məlumat verib.
O qeyd edib ki, bu layihə Laçında yaşayan qadınlar üçün öz biznes ideyalarını gerçəkləşdirməyə, fərdi təşəbbüslərini reallaşdırmağa stimul verəcək və onların iqtisadi cəhətdən müstəqil olmalarına təkan olacaq.
Layihənin rəhbəri Aydan Xıdırova da çıxış edərək bildirib ki, təlimlər qadınların sahibkarlıq sahəsində motivasiya qazanmasına, qarşılarına məqsəd qoymalarına və bu məqsədlərə çatmaq üçün addımlar atmalarına kömək edəcək.