Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Laçında artıq 6 aydır fəaliyyəti dayandırılmış “Simurq” kitabxanası tamamilə bağlanılır.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə kitabxananın sosial şəbəkə hesabında bildirilib.
Tanınmış dövlət xadimi Tağı Simurq Şahbazinin adını daşıyan kitabxana 4 fevral 2024-cü il tarixində Laçın şəhərində yaradılıb və qısa müddət ərzində rayonun mühüm mədəni-maarif ocaqlarından birinə çevrilib.
Kitabxananın fondu Azərbaycan Milli Elmlər Akademiyasının, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Yazıçılar Birliyinin, M.F. Axundov adına Milli Kitabxananın, eləcə də tanınmış yazıçı, şair, tarixçi, jurnalist və ictimai fəalların könüllü ianələri hesabına formalaşdırılıb. Qısa müddət ərzində burada 4 000-ə yaxın kitabdan ibarət zəngin fond yaradılıb:
“Bu kitablar sadəcə kağız üzərində yazılmış əsərlər deyil. Onların hər biri Laçının yenidən dirçələn mədəni həyatının bir parçası, oxucular üçün bilik və maarif mənbəyi, gələcək nəsillərə ötürüləcək mənəvi sərvətdir.
Laçının yenidən qurulduğu, insanların doğma şəhərinə qayıtdığı, şəhərdə yeni həyatın başladığı bir dövrdə kitabxananın fəaliyyətinin dayandırılması və tamamilə bağlanması böyük təəssüf doğurur.
Bir şəhəri yalnız yolları, binaları və küçələri yaşatmır. Şəhəri yaşadan onun yaddaşı, mədəniyyəti, kitabları və insanlarıdır.
Bu gün “Simurq” kitabxanasının qapılarının bağlanması ilə yalnız bir kitabxananın fəaliyyəti dayanmır. Laçının yenidən formalaşan mədəni həyatının mühüm bir ünvanı da itirilir.
Ümid edirik ki, minlərlə kitabın taleyi, onların gələcək nəsillər üçün qorunub saxlanılması və Laçında kitabxana ənənəsinin yaşadılması məsələsinə yenidən nəzər salınacaq.
Çünki kitabxananı bağlamaq asandır, amma bir şəhərin oxumaq və öyrənmək mədəniyyətini yenidən formalaşdırmaq illər tələb edir”,-deyə paylaşımda bildirilir.
Qeyd eədk ki, kitabxananın yerləşdiyi bina Bakı Abadlıq Xidmətinin balansındadır.
Məsələ ilə əlaqədar Bakı Abadlıq Xidmətindən bildirilib ki, Xidmət Laçın şəhərinin abadlaşdırılması zamanı yalnız şəhər infrastrukturunun qurulmasına deyil, yeni köçəcək sakinlər üçün mədəni və sosial mühitin formalaşdırılmasına da dəstək verib:
“Bu çərçivədə keçmiş klub binası yenidən qurularaq “La Cinema” kinoteatrı bərpa edilib, Hoçazfilm kinopavilyonunun, “Gilabi Ceramics” yaradıcılıq mərkəzinin yaradılmasına və ilkin mərhələdə fəaliyyətinə dəstək göstərib. Lakin uzunmüddətli mədəni layihələrin saxlanılması və maliyyələşdirilməsi şirkətin əsas fəaliyyət istiqamətinə daxil deyil. Layihələrin gələcək fəaliyyəti də onların real tələbatı və özünü təminetmə imkanları nəzərə alınmaqla formalaşıb.
“Simurq” kitabxanası da o cümlədən ayrıca kitabxana müəssisəsi kimi deyil, yenidən qurulmuş “La Cinema” kinoteatrının texniki-inzibati hissəsində yerləşən çox kiçik bir otaqda təşəbbüs kimi yaradılıb. Kitab fondu əsasən müxtəlif şəxslərin və qurumların hədiyyə etdiyi kitablardan formalaşıb. Buna baxmayaraq, Bakı Abadlıq Xidməti 3 ilə qədər müddətdə burada iki əməkdaşın çalışmasını təmin edib.
Hazırda “La Cinema”da keçiriləcək ilk beynəlxalq film festivalına hazırlıq çərçivəsində təmir və yenilənmə işləri aparılır. Kinoteatrın yeni funksional və texniki tələbləri nəzərə alınaraq kitabxana fondunun gələcək istifadəsi məsələsi aidiyyəti qurumların diqqətinə çatdırılıb. Fondun inventarlaşdırılaraq təmənnasız şəkildə şəhər məktəbinin kitabxanasına verilməsi təklif olunub.
Bakı Abadlıq Xidməti kitabxananın yaradılmasına və uzun müddət fəaliyyət göstərməsinə dəstək verməklə bu təşəbbüslə bağlı üzərinə düşəni yerinə yetirib. Bundan sonrakı mərhələdə kitabxananın fəaliyyətinin davam etdirilməsi və ya fondunun harada saxlanılması isə artıq aidiyyəti dövlət qurumlarının səlahiyyətində olan məsələdir”.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin