Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Vətən Müharibəsi şəhidi polkovnik-leytenant Qərib Baxşəliyev noyabrın 3-də şəhadətə zirvəsinə yüksəlib
Azərbaycanın ecazkar guşələrindən biri olan Laçın torpağı əsrlər boyu özünün mərd, dönməz və vətənpərvər insanları ilə tanınmışdır. Hündür dağları, coşqun çayları və sıldırım qayaları ilə məşhur olan bu diyar həm də igidlərin, cəsur hərbçilərin və Vətən fədailərinin beşiyidir. Otuz illik işgaldan sonra Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi və şanlı Azərbaycan Ordusunun "Dəmir Yumruq" əməliyyatı ilə azad edilən Laçın bu gün öz azad nəfəsinə kavuşubsa, bunu məhz Laçınlı şəhidlərimizə və qəhrəman hərbçilərimizə borcluyuq.
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 44 günlük Vətən müharibəsində peşəkar hərbçilərimizin, cəsur zabitlərimizin göstərdikləri şücaət hər zaman qürur mənbəyimizdir. Həmin igidlərdən biri də düşmən qarşısında mərdliklə vuruşan, hərbi xidməti boyunca Vətənə sədaqət nümunəsi göstərən polkovnik-leytenant Qərib İnqilab oğlu Baxşəliyevdir. Gənclik illərindən hərb sənətinə olan sonsuz sevgisi onu Azərbaycan Silahlı Qüvvələri sıralarına bağlamışdır. O, illər ərzində ölkəmizin müxtəlif bölgələrində hərbi hissələrdə motoatıcı tağım komandirindən başlayaraq müxtəlif məsuliyyətli vəzifələrdə şərəflə xidmət etmişdir. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində polkovnik-leytenant Qərib Baxşəliyev ön cəbhənin ən qaynar istiqamətlərində, xüsusilə Zəngilan və digər torpaqlarımızın azad olunması uğrunda aparılan döyüşlərdə fəal iştirak etmişdir.
O, döyüş əməliyyatları zamanı şəxsi igidliyi, soyuqqanlılığı və peşəkar idarəçiliyi ilə tabeçiliyində olan heyətə hər zaman nümunə olmuşdur. Qərib Baxşəliyev qarşıya qoyulmuş döyüş tapşırıqlarını şərəflə yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur.
Qərib Zəngilan istiqamətində gedən döyüşlərdə şəhid olub. O, müharibə zamanı erməni hərbçilərinin mühasirəsinə düşüb, son gülləsinə qədər döyüşüb.
Şəhid polkovnik-leytenant uzun illər Cəmşid Naxçıvanski adına Hərbi Liseydə müəllim kimi işləyib. Bir çox hərbçilərimizin yetişməsində Q.Baxşəliyevin əməyi olub. O, müəllim işləməmişdən əvvəl də hərbçi kimi fəaliyyət göstərib. İki il müddətində Tərtərdə düşmənlə üz-üzə xidmət edib.
Həyat yoldaşı ilə sonuncu dəfə noyabrın 2-də əlaqə saxlayan Gülnarə Baxşəliyeva noyabrın 4-də Qərib Baxşəliyevin şəhid olması xəbərini alıb. "Danışanda hər dəfə qələbəyə az qaldığını, düşməni qovduqlarını deyirdi. Noyabrın 2-si danışanda dedi ki, möhkəm olun, hər şey ola bilər. Ayın 3-ü onunla əlaqə kəsildi. Sonra isə şəhid olduğunu öyrəndik. Bizə dedilər ki, Zəngilan ərazisində postları yoxlayarkən dumanda yolu azaraq, mühasirəyə düşüb, axıra qədər döyüşüb, sonra da əsir düşməmək üçün son gülləsini özünə vurub".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Qərib Baxşəliyev ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Onun şəxsi əşyaları, hərbi geyimləri və zabit gündəliyi xatirəsinin əbədiləşdirilməsi məqsədilə Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilmişdir.
Laçın dağları hər zaman öz igid oğullarının mərdliyini, şəhidlərimizin müqəddəs ruhunu qoruyacaq. Sizin qanınızla azad edilən bu torpaqlarda həyat əbədi davam edəcəkdir. Ruhunuz qarşısında dərin ehtiramla baş əyirik!
Müşfiq MİRZƏ
XQ