Lahıcın tarixi küçələrindən böyük arenalara FOTO

02.02.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsmayıllı, 2 fevral, Rəşad Türkoğlu, AZƏRTAC

Lahıc qəsəbəsinin 16 yaşlı gənc idmançısı Zəhra Şirəliyeva bu gün Azərbaycan gəncliyinin əzmkarlığını, iradəsini və potensialını öz uğurları ilə nümayiş etdirən parlaq nümunələrdən biridir. Qədim Lahıcın dar və daşlı küçələrində başlayan bu yol artıq böyük idman arenalarına doğru inamla irəliləyir. Hazırda 10-cu sinifdə təhsil alan Zəhra dörd ildir dərsdən sonra qəsəbə məktəbində fəaliyyət göstərən atletika dərnəyində məşqlərə qatılır. Bununla yanaşı, o, fərdi şəkildə də üzərində ciddi və planlı şəkildə çalışır. Bu əzmkarlığın nəticəsidir ki, Zəhra Şirəliyeva qaçış, eləcə də kros yarışlarında iştirak edərək 7 dəfə ölkə çempionu adını qazanıb.

AZƏRTAC-ın bölgə müxbiri Lahıcda gənc idmançı ilə həmsöhbət olub, onun məşq prosesini izləyib.

Zəhra Şirəliyeva ən böyük arzularından birinin atletika üzrə Azərbaycan milli komandasına üzv seçilmək olduğunu və artıq bu hədəfə çatdığını bildirir. O, indiyədək həm rayon, həm də respublika səviyyəli yarışlarda uğurla çıxış edərək, 1500 və 3000 metr məsafələrə qaçış üzrə dəfələrlə ölkə çempionu titulunu qazanıb. Gənc atletin qənaətincə, peşəkar idmançı olmaq yalnız fiziki güc deyil, həm də möhkəm psixoloji hazırlıq və mənəvi dayanıqlıq tələb edir. Bu çətin, lakin şərəfli yolda valideynlərinin və müəllimlərinin dəstəyini xüsusi vurğulayan Zəhra, ona hər zaman arxa duran ailəsinə və məşqçisi Bənövşə İsmayılovaya dərin minnətdarlığını ifadə edir.

Gənc idmançının əsas məqsədi beynəlxalq arenalarda Azərbaycanın Dövlət Himnini səsləndirmək və üçrəngli Bayrağımızı yüksəklərə qaldırmaqdır. Hazırda Zəhra milli komandanın tərkibində üçtəkanla uzunluğa tullanma növü üzrə hazırlıqlarını davam etdirir. O, bu il İtaliyanın Rieti şəhərində keçiriləcək U18 Avropa çempionatına və Sloveniyanın Novo Mesto şəhərində baş tutacaq U18 Balkan çempionatına lisenziya qazanmaq mərhələsindədir.

Lahıc məktəbinin uğurları bununla məhdudlaşmır. Məktəbin 9-cu sinif şagirdi, Namazgah kənd sakini, 15 yaşlı Rəqsanə Atalı da ilk dəfə milli komandaya dəvət alıb. Hazırda o, qaçaraq uzunluğa tullanma üzrə məşqlərə cəlb olunub və perspektivli idmançı kimi mütəxəssislərin diqqət mərkəzindədir.

Lahıc qəsəbə tam orta məktəbinin fiziki tərbiyə müəllimi, Azərbaycan Atletika Federasiyasının region üzrə baş məşqçisi Bənövşə İsmayılova qeyd edir ki, məktəblərdə istedadlı uşaqların aşkar olunması məqsədyönlü şəkildə həyata keçirilir. Bu sistemli işin nəticəsidir ki, hazırda atletika üzrə milli komandanın heyətində Lahıc məktəbinin 2 yetirməsi ilə yanaşı, İsmayıllı rayonundan ümumilikdə, 7 gənc idmançı yer alır.

Hazırda Lahıc məktəbində fəaliyyət göstərən atletika dərnəyinə 30 oğlan və qız şagird cəlb olunub. Təşəbbüsün əsas qayəsi potensiallı uşaqları üzə çıxarmaq və onları peşəkar idmana hazırlamaqdır. Məktəbin direktoru Dadaş Əliyev vurğulayır ki, təhsil ocağı rayon mərkəzindən uzaqda yerləşsə də, maddi-texniki bazası və tədris keyfiyyəti ilə qabaqcıl məktəblərdən geri qalmır. Şagirdlərin ali məktəblərə qəbulda, fənn olimpiadalarında və intellektual yarışlarda qazandıqları nailiyyətlər bunun bariz nümunəsidir.

Zəhra Şirəliyeva və Rəqsanə Atalı kimi gənclərin uğur hekayələri göstərir ki, Azərbaycanın gələcəyi əzmkar gənclərin əlindədir. Lahıcın tarixi küçələrindən başlayan yolun beynəlxalq idman arenalarına qədər uzanacağına, bu gənclərin qazandıqları nailiyyətlərlə yeni nəsil üçün ilham mənbəyinə çevriləcəklərinə ümid böyükdür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью