Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Bu gün, noyabrın 15-də Azərbaycan Basketbol Liqasında VII turun oyunları davam etdiriləcək.
İdman.Biz xəbər verir ki, turun ikinci oyun günündə "LANDAU Lions" "Gəncə" ilə qarşılaşacaq. Görüş Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək və saat 14:00-da başlayacaq.
Hər iki komanda indiyədək beş oyun keçirib, iki qələbə qazanıb və üç dəfə məğlub olub. Onların aktivində yeddi xal var. Top fərqinin daha yaxşı olması (+47 və +14) sayəsində "LANDAU Lions" turnir cədvəlində beşinci, "Gəncə" isə yeddinci pillədə qərarlaşıb. Onların arasında eyni xala malik "Ordu" yer alır.
Tura noyabrın 16-da keçiriləcək iki qarşılaşma ilə yekun vurulacaq. Saat 19:00-da altı xalla sonuncu, səkkizinci pillədə qərarlaşan "NTD" doqquz xalla üçüncü sırada yer alan "Naxçıvan"ı Bakı İdman Sarayında qəbul edəcək. Eyni saatda səkkiz xalla dördüncü yerdə olan "Sumqayıt" yeddi xalla altıncı pillədə qərarlaşan "Ordu" ilə üz-üzə gələcək.
Xatırladaq ki, turun açılış matçında "Sabah" "Neftçi"ni 93:78 hesabı ilə məğlub edib. Altı oyundan sonra hər iki komandanın aktivində 11 xal var. "Sabah" turnir cədvəlinə başçılıq edir, "Neftçi" isə ikinci pillədə qərarlaşıb.