Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Rusiya Prezidenti Vladimir Putin Ankoricdə keçirilən danışıqlar zamanı ABŞ-ın Ukrayna münaqişəsinin həlli ilə bağlı təklifini qəbul edib.
TASS agentliyinin məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Andrey Kondraşova müsahibəsində bildirib.
Lavrovun sözlərinə görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Donald Trampın Ukrayna ilə bağlı təşəbbüsünü Rusiya tərəfinə ətraflı təqdim edib.
Nazir bildirib ki, Ankoricdə keçirilən görüşdə Putin həmin təklifin bütün bəndlərini bir-bir səsləndirib və Uitkoffdan onların düzgün ifadə edilib-edilmədiyini soruşub.
“Putin bütün bəndləri oxuduqdan sonra bildirdi ki, təklifin bəzi elementləri kompromis xarakteri daşıyır. Lakin davamlı razılaşmalar müəyyən kompromislərə əsaslandığı üçün Amerika təklifini qəbul edirik”, – Lavrov deyib.
Rusiya XİN rəhbərinin sözlərinə görə, sonradan ABŞ təklifinin qəbul edilməsinin razılaşma anlamına gəlmədiyi barədə müxtəlif şərhlər səsləndirilib.
“Əgər sən nəsə təklif etmisənsə, mən də bunu qəbul etmişəmsə, Rusiyada bu, razılığa gəlmək deməkdir”, – o vurğulayıb.
Lavrov eyni zamanda Moskva ilə Vaşinqton arasında çoxsaylı fikir ayrılıqlarının qaldığını bildirib.
Onun sözlərinə görə, Tramp administrasiyası “Lukoyl” və “Rosneft” şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib, həmçinin əvvəlki prezident Co Bayden dövründə qüvvəyə minmiş məhdudiyyətləri uzadır.
“Ziddiyyətlər çoxdur, olduqca çoxdur”, – Lavrov qeyd edib.
Nazir əlavə edib ki, Tramp administrasiyası əvvəlki ABŞ rəhbərliyindən fərqli olaraq həm Rusiya, həm də İranla dialoqu davam etdirir.