525.az saytına istinadən Icma.az xəbər verir.
“Məlum olduğu kimi, Böyükşor ərazidə təqribən 388 hektarlıq böyük layihənin icrası nəzərdə tutulub. Burada həm rezidensiyalar, həm yaşayış binaları, həm də müxtəlif komplekslər inşa ediləcək. Müasir dövrün 15 dəqiqəlik şəhər modelinə uyğun yanaşma tətbiq olunacaq. Yəni həmin ərazidə yaşayan sakinlər 15 dəqiqəlik məsafədə bütün zəruri istehlak və digər tələbatlarını ödəyə biləcəklər. Bunun üçün müvafiq obyektlər, klinikalar, təhsil müəssisələri və digər infrastruktur yaradılacaq. Onun icrası üçün həmin ərazidə yerləşən həm yaşayış, həm də qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin və obyektlərin köçürülməsi zərurəti yaranır".
Bunu iqtisadçı ekspert Vüqar Oruc 525.az-a deyib. Ekspert vurğulayıb ki, həmin ərazidə həyata keçiriləcək layihə paytaxtda çox böyük dəyişikliklərə səbəb olacaq:
"Bu, həm Ziya Bünyadov və Heydər Əliyev prospektləri baxımından, həm də ətraf ərazilərdə yerləşən torpaq sahələrinin qiymətlərinin artması baxımından əhəmiyyətli təsir göstərəcək. Başqa sözlə, layihənin icrası daşınmaz əmlak bazarında ciddi canlanma və qiymət dəyişiklikləri yaradacaq. Biz onsuz da Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq proqnoz vermişdik ki, 2027-ci ildə daşınmaz əmlak bazarında selektiv, yəni seçmə qiymət artımı müşahidə olunacaq. Həmin qiymət artımının baş verə biləcəyi ərazilərdən biri də məhz Böyükşor gölü ətrafıdır. Layihənin icrası müddətində ona qonşu ərazilərdə, eləcə də layihənin həyata keçirildiyi ərazidə ciddi qiymət artımının müşahidə olunacağını düşünürəm".
Sevinc Qarayeva