Banco.az saytına istinadən Icma.az xəbər verir.
Müəllif: Toğrul Xəlilov, Layihələrin idarə edilməsi üzrə ekspert
Hər il şirkətlər yeni məhsulların hazırlanmasına, rəqəmsal transformasiyaya, biznes proseslərinin təkmilləşdirilməsinə və müxtəlif infrastruktur layihələrinə əhəmiyyətli vəsait ayırırlar. Lakin bütün layihələr gözlənilən nəticəni vermir. Bəziləri vaxtında tamamlanmır, bəzilərində büdcə aşılır, digərləri isə planlaşdırıldığı kimi başa çatsa da, biznes üçün gözlənilən faydanı yaratmır. Bəs bəzi layihələri digərlərindən fərqləndirən nədir? Uğurlu layihələrin arxasında hansı amillər dayanır? Mənim fikrimcə, layihənin uğur qazanmasına təsir edən altı əsas amil var.
1. Dəqiq müəyyən edilmiş məqsədlər
Layihənin uğuru ilk növbədə onun məqsədinin nə dərəcədə aydın müəyyən edilməsindən asılıdır. Bəzən şirkətlər yeni sistem tətbiq etmək, mobil tətbiq hazırlamaq və ya mövcud prosesi avtomatlaşdırmaq qərarı verirlər. Lakin layihənin hansı biznes problemini həll edəcəyi və hansı nəticəni yaradacağı kifayət qədər dəqiqləşdirilmir. Məsələn, bank müştəri xidmətlərini yaxşılaşdırmaq məqsədilə yeni rəqəmsal platforma hazırlayır. Əgər məqsəd yalnız platformanın istifadəyə verilməsidirsə, layihənin texniki tamamlanması uğur kimi qiymətləndirilə bilər. Amma əsas məqsəd müştəri müraciətlərinin cavablandırılma müddətini azaltmaqdırsa, uğur həmin göstəricinin yaxşılaşması ilə ölçülməlidir. Bu səbəbdən layihəyə başlamazdan əvvəl üç suala cavab verilməlidir:
Hansı problemi həll edirik? Hansı nəticəni əldə etmək istəyirik? Uğuru hansı göstəricilərlə ölçəcəyik?2. Realist planlaşdırma
Uğurlu layihənin əsas şərtlərindən biri düzgün planlaşdırmadır. Layihənin müddəti, büdcəsi, resurs ehtiyacları və əsas mərhələləri real imkanlar nəzərə alınmaqla müəyyən edilməlidir. Bəzən layihənin mümkün qədər tez tamamlanması istəyi qeyri-real qrafiklərin hazırlanmasına səbəb olur. Nəticədə komanda davamlı təzyiq altında işləyir, keyfiyyət riskləri artır və layihənin ilkin planı tezliklə aktuallığını itirir. Məsələn, texniki komandanın dörd aya tamamlayacağını proqnozlaşdırdığı layihəyə iki aylıq müddət ayrılır. Belə vəziyyətdə problemin səbəbi komandanın zəif işləməsi deyil, başlanğıcda qəbul edilmiş qeyri-real qərar ola bilər. Düzgün planlaşdırma yalnız tapşırıqların tarixlərini müəyyən etmək deyil. Bu, həm də asılılıqları, məhdudiyyətləri və mümkün dəyişiklikləri nəzərə almaqdır. Yaxşı plan layihənin uğuruna zəmanət vermir, amma zəif plan uğursuzluq riskini əhəmiyyətli dərəcədə artırır.
3. Güclü liderlik
Layihə rəhbərinin əsas vəzifəsi yalnız tapşırıqları bölüşdürmək və onların icrasına nəzarət etmək deyil. O, fərqli bacarıqlara, maraqlara və gözləntilərə malik insanları ortaq məqsəd ətrafında birləşdirməlidir. Layihələrdə texniki, maliyyə, hüquq, satış və digər departamentlərin iştirakı tələb oluna bilər. Bu komandaların prioritetləri isə hər zaman eyni olmur. Məsələn, biznes komandası məhsulun bazara daha tez çıxarılmasını istəyir, texniki komanda isə əlavə test müddətinə ehtiyac olduğunu bildirir. Belə vəziyyətdə layihə rəhbərinin rolu tərəflərdən birinin mövqeyini müdafiə etmək deyil, alternativləri qiymətləndirərək düzgün qərarın qəbuluna şərait yaratmaqdır. Güclü liderlik həm də komandanın motivasiyasını qorumağı, maneələri aradan qaldırmağı və çətin vəziyyətlərdə məsuliyyət götürməyi tələb edir. Layihə rəhbəri bütün cavabları bilən insan olmaya bilər. Amma düzgün sualları verməyi və komandanı həll yoluna istiqamətləndirməyi bacarmalıdır.
4. Effektiv kommunikasiya
Layihələrdə yaranan problemlərin bir hissəsi məlumat çatışmazlığından və ya məlumatın düzgün ötürülməməsindən qaynaqlanır. Bəzən layihənin məqsədi komanda üzvlərinə tam aydın olmur. Bəzən dəyişikliklər bütün maraqlı tərəflərə vaxtında çatdırılmır. Bəzən isə mühüm qərarlar sənədləşdirilmədiyi üçün sonradan anlaşılmazlıqlar yaranır. Məsələn, biznes komandası məhsulun müəyyən funksionallığını dəyişmək qərarı verir, lakin bu məlumat texniki komandaya gec çatdırılır. Nəticədə artıq görülmüş işlərin bir hissəsinin yenidən icrası tələb olunur. Effektiv kommunikasiya yalnız çoxlu görüş keçirmək və ya davamlı yazışmaq demək deyil. Əsas məsələ düzgün məlumatın, düzgün insana, düzgün zamanda və anlaşılan formada çatdırılmasıdır. Layihə rəhbəri komanda üzvlərinin, sponsorun və digər stakeholder-lərin hansı məlumatlara ehtiyac duyduğunu əvvəlcədən müəyyən etməlidir. Bəzən layihədə bir saatlıq düzgün kommunikasiya həftələrlə davam edə biləcək anlaşılmazlığın qarşısını alır.
5. Proaktiv risk idarəetməsi
Heç bir layihə risksiz deyil. Texniki problemlər, resurs çatışmazlığı, təchizatçı gecikmələri, bazar dəyişiklikləri və digər qeyri-müəyyənliklər layihənin nəticəsinə təsir göstərə bilər. Uğurlu layihələrdə risklərin idarə olunması yalnız problem yarandıqdan sonra başlamır. Risklər əvvəlcədən müəyyən edilir, ehtimalı və təsiri qiymətləndirilir, uyğun cavab tədbirləri planlaşdırılır. Məsələn, layihənin kritik mərhələsi yalnız bir mütəxəssisin biliklərindən asılıdırsa, həmin şəxsin əlçatan olmaması layihə üçün ciddi risk yarada bilər. Bu riski azaltmaq üçün biliklərin paylaşılması, ehtiyat resursların hazırlanması və müvafiq sənədləşdirmə həyata keçirilə bilər. Əsas məqsəd bütün riskləri tamamilə aradan qaldırmaq deyil. Bu, əksər layihələrdə mümkün olmur. Məqsəd risklərin layihəyə təsirini idarə oluna bilən səviyyədə saxlamaq və yaranan imkanlardan düzgün istifadə etməkdir.
6. Biznes dəyərinə fokuslanma
Layihənin vaxtında və büdcə daxilində tamamlanması vacib göstəricilərdir. Lakin layihənin uğuru yalnız bu göstəricilərlə məhdudlaşmamalıdır. Əsas suallardan biri budur: həyata keçirilən layihə şirkətə və müştərilərə hansı dəyəri qazandırdı? Məsələn, sığorta şirkəti satış prosesini rəqəmsallaşdırmaq üçün yeni platforma hazırlayır. Platforma vaxtında istifadəyə verilir və bütün funksionallıqlar işləyir. Amma satış əməkdaşları platformadan istifadə etmirsə və ya satış prosesi əvvəlkindən daha mürəkkəb olubsa, layihənin gözlənilən biznes faydasına nail olduğu söylənilə bilməz. Buna görə layihənin uğuru qiymətləndirilərkən müştəri məmnuniyyəti, əməliyyat səmərəliliyi, gəlir artımı, xərclərin azalması və digər uyğun göstəricilər nəzərə alınmalıdır. Layihə rəhbəri biznes nəticələrinin əldə olunmasına töhfə verməli, layihə sponsoru və müvafiq biznes sahibləri isə həmin faydaların reallaşmasını izləməlidirlər.
Nəticə
Uğurlu layihələr təsadüfən yaranmır. Onların arxasında aydın məqsədlər, realist planlaşdırma, güclü liderlik, effektiv kommunikasiya, proaktiv risk idarəetməsi və biznes dəyərinə fokuslanma dayanır. Uğurlu layihə qarşıya qoyulmuş məqsədlərə nail olan və biznes üçün real dəyər yaradan layihədir.