“Le Monde”un Azərbaycanla bağlı materialı niyə müzakirə olunur?

14.08.2026

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransanın “Le Monde” qəzetində Azərbaycanda TikTok istifadəçilərinin saxlanılması ilə bağlı dərc olunan material faktların təqdim olunma forması və seçilən siyasi kontekst baxımından yenidən müzakirə olunur. Yazıda göstərilən rəqəmlərin mənbəyinin ictimaiyyətə açıqlanmaması və hər bir hüquqi iş üzrə konkret ittihamların ayrıca araşdırılmaması məlumatın obyektivliyi ilə bağlı suallar yaradır. Ekspertlər hesab edirlər ki, sosial şəbəkə platformalarının daxili qaydaları ilə milli qanunvericiliyin tələbləri eyniləşdirilməməli, hər bir inzibati və ya cinayət işi fərdi faktlar əsasında qiymətləndirilməlidir.Beynəlxalq media Azərbaycanla bağlı hüquqi prosesləri işıqlandırarkən faktların təqdimatında kifayət qədər balanslı və obyektiv yanaşma nümayiş etdirirmi?

Politoloq Xəyal Bəşirov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Fransada zaman-zaman mətbuatda və digər informasiya vasitələrində Azərbaycana qarşı anti-Azərbaycan mövqeyinin şahidi olmuşuq. O hesab edir ki, “Le Monde” qəzetində dərc olunan material daha çox ədalətsiz və birtərəfli yanaşma təsiri bağışlayır.

“Əgər hansısa bir hadisə ilə bağlı, məsələn, sosial şəbəkə hesabında şəxslərin fəaliyyəti, paylaşımları və ya səsləndirdiyi fikirlərlə bağlı məhkəmə mübahisəsi olubsa və buna hüquqi qiymət verilibsə, ilk növbədə həmin məsələnin detalları müəyyənləşdirilməlidir. Sadəcə sosial şəbəkə hesabında səsləndirilən fikrə görə şəxsin təqib edilməsi nəticəsinə gəlmək, heç bir araşdırma aparmadan və detallara varmadan belə qənaət formalaşdırmaq, təbii ki, qərəzli yanaşmadan qaynaqlanır”, — deyə o bildirib.

Xəyal Bəşirov hesab edir ki, bu cür yanaşma Fransadan gəldikdə artıq təəccüblü görünmür. Onun sözlərinə görə, Fransa ümumilikdə dövlət olaraq deyil, hazırkı Makron administrasiyası dövründə zaman-zaman Azərbaycana qarşı müxtəlif formatlarda belə mövqelərlə çıxış edib və Azərbaycana qarşı kampaniyaların şahidi olmuşuq.

“Mən düşünürəm ki, bu da həmin kampaniyanın növbəti tərkib hissələrindən biridir.

TikTok və ya digər sosial şəbəkə hesablarında şəxslərin səsləndirdiyi fikirlərlə bağlı araşdırma aparılması, həmin şəxslərin inzibati, cinayət və ya mülki məsuliyyətə cəlb olunması Azərbaycan qanunvericiliyinə uyğun şəkildə həyata keçirilir. Əgər bu addımlar Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun atılıbsa, bunun Fransa və ya başqa dövlətlərin mətbuatından, yaxud hər hansı təsisat və şəxslərindən soruşulacaq tərəfi yoxdur. Bu cür müdaxilə dövlətin müstəqilliyinə xələl gətirir və ədalət mühakiməsi prinsiplərinə ziddir”.

Politoloqun fikrincə, Fransa özü “Telegram” kanalının rəhbəri Pavel Durovu uzun müddət Fransa ərazisində saxlayıb, onu həbs edib və barəsində geniş araşdırmalar aparıb. O qeyd edir ki, bütün bu addımlar Fransa dövləti tərəfindən başqa bir dövlətin vətəndaşına qarşı həyata keçirilib.

Bundan əlavə, Xəyal Bəşirov bildirir ki, Fransa bu gün Korsikada, Yeni Kaledoniyada, Fransız Qvianasında, Fransız Polineziyasında, Qvadelupada və digər dənizaşırı ərazilərdə insanların hüquqlarının pozulması ilə bağlı problemləri bir kənara qoyaraq, Azərbaycanda hansısa sosial şəbəkə hesabında fəaliyyət göstərən şəxslə bağlı Azərbaycan məhkəmə sisteminin və qanunvericiliyinin atdığı addımları gündəmə gətirməyə çalışır.

Politoloqun fikrincə, bu yanaşma Fransa tərəfinin öz gözündəki tiri görməyib, Azərbaycan tərəfinin gözündə çöp axtarmasına bənzəyir.

“Bu məsələ o qədər də ciddi qəbul ediləcək addım deyil. Əksinə, həmin mətbuat orqanlarının müəyyən təsir və göstəriş altında fəaliyyət göstərdiklərini daha aydın şəkildə üzə çıxarır”, — deyə Xəyal Bəşirov bildirib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью