Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Ona qarşı yumşaldılma solçuların kürkünə birə salıb
Fransa müasir tarixinin bəlkə də ən təlatümlü və hüquqi-siyasi baxımdan mürəkkəb dövrlərindən birini yaşayır. Ölkənin sağçı müxalifətinin lideri Marin Le Penin Avropa İttifaqı (Aİ) vəsaitlərinin mənimsənilməsi işi üzrə Apellyasiya Məhkəməsinin son qərarından sonra 2027-ci il prezident seçkilərində namizədliyini rəsmən elan etməsi Beşinci Respublika üçün həm hüquqi presedent, həm də strateji siyasi dönüş nöqtəsidir. Məhkəmənin çıxardığı qərar, eyni zamanda, ədalət mühakiməsi ilə demokratik seçki hüququ arasındakı həssas balansı yenidən gündəmə gətirib.
Məsələnin kökü 2025-ci ilin mart ayına gedib çıxır. O zaman birinci instansiya məhkəməsi Marin Le Pen və onun “Milli Birlik” partiyasından 20-dən çox rəhbər şəxsi Avropa Parlamentinin vəsaitlərini təyinatı üzrə işlətməməkdə günahkar bilmişdi. İttihama görə, Brüssel və Strasburqda Avropa Parlamentinin deputat köməkçiləri kimi qeydiyyatdan keçən şəxslər, faktiki olaraq, partiyanın Parisdəki mərkəzi ofisində çalışıb və maaşlarını Aİ fondlarından alıblar. Birinci instansiya məhkəməsinin verdiyi hökm Le Pen üçün siyasi baxımdan ölümcül xarakter daşıyırdı. 5 il müddətinə dövlət vəzifəsi tutmaq qadağası və 2 ili şərti olmaqla ümumilikdə 4 il həbs cəzası.
***
Ötən gün Paris Apellyasiya Məhkəməsi iş üzrə çoxlarının proqnozundan fərqli olaraq, Le Penin təqsirli olduğunu qüvvədə saxlasa da, dövlət vəzifəsi tutmaq qadağasını 45 aya endirdi və bunun 30 ayını şərti etdi. Qalan 15 aylıq müddət isə 2025-ci ilin martından hesablandığı üçün başa çatmış sayıldı. Apelyasiya məhkəməsinin qərarı sağçılar üçün qələbə sayılsa da, Le Pen üçün hüquqi maneələr tam aradan qalxmayıb. Elektron nəzarət altında bir illik ev dustaqlığı seçki kampaniyası aparmaq imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Lakin Le Pen Kassasiya Məhkəməsinə müraciət edəcəyini və son hökm çıxana qədər qolbaq taxmayacağını bəyan edib. Fransız hüquq sisteminə görə, kassasiya müraciəti hökmün icrasını dayandırır, bu da ona sərbəst kampaniya aparmaq şansı verir.
Sol və Yaşıllar Partiyası rəhbərliyi məhkəməni Le Penə “xüsusi güzəşt” və “böyük iltifat” göstərməkdə günahlandıraraq bu qərarın hüquq bərabərliyi prinsipini zədələdiyini bildirirlər. Yaşıllar partiyasının lideri Marin Tondelyer Apellyasiya Məhkəməsinin Le Penin işinə xüsusi sürətləndirilmiş qrafiklə baxmaq qərarına münasibət bildirərkən onu açıq şəkildə “imtiyazlı şəxs” adlandırıb. O bildirib ki, sıravi vətəndaşlar apellyasiya növbəsini illərlə gözlədiyi halda, Le Penin 2027-ci il seçkilərinə yetişməsi üçün prosesin önə çəkilməsi ona göstərilən xüsusi güzəşt və ayrı-seçkilikdir.
Seçki öncəsi analitiklərin və mütəxəssislərin diqqət yetirdiyi ən maraqlı məqamlardan biri “Milli Birlik” partiyasının tətbiq etməyə çalışdığı “Le Pen – Bardella” tandemidir. 30 yaşlı partiya sədri Cordan Bardella gənc, enerjili və seçici kütləsi arasında populyar fiqurdur. Partiya rəhbərliyi artıq bir neçə aydır ki, ictimaiyyətə vahid komanda modeli təqdim edir: Marin Le Pen prezidentliyə namizəd, Cordan Bardella isə gələcək Baş nazir. Bu seçim bir çox üstünlüklər vəd edir: qadın və kişi, təcrübəli siyasətçi və gənc lider. Biri partiyanın köklü tarixini, digəri sürətli yüksəlişi təmsil edir.
Lakin bu tandem modeli Beşinci Respublikanın siyasi ənənələri ilə ziddiyyət təşkil edir. Fransada prezidentlik institutu Super prezidentli respublika modelinə söykənir. Sadə dildə desək, dövlət başçısı icra hakimiyyətinin və xarici siyasətin mütləq rəhbəridir. ABŞ-dakı vitse-prezidentlik modelindən fərqli olaraq, Fransada seçicilər cütlüyə deyil, tək fərdə səs verirlər. Baş nazir isə seçkidən sonra prezident tərəfindən təyin olunur və onun legitimliyi dolayı xarakter daşıyır. Bu səbəbdən Marin Le Pen və Cordan Bardella arasında qurulan “qalib tandem” narrativi seçici davranışını yönləndirmək üçün effektiv kommunikasiya aləti olsa da, hüquqi və institusional baxımdan heç bir rəsmi statusa malik deyil.
Məlumat üçün deyək ki, Fransada növbəti prezident seçkiləri 2027-ci il aprelin 18-də, ikinci turu isə mayın 2-də keçiriləcək.
***
Duruma Fransa–Azərbaycan münasibətləri kontekstində baxdıldıqda deyə bilərik ki, hazırkı mərhələ normallaşma və funksional əməkdaşlığın bərpası dinamikası ilə xarakterizə olunur. Bu təsbitin zəmini yüksək səviyyəli siyasi dialoqun yenidən aktivləşməsidir. Azərbaycan və Fransa prezidentləri – İlham Əliyev və Emanuel Makron arasında liderlər səviyyəsində əldə olunan razılaşmalar – xüsusilə ötən ilin may və oktyabr aylarında müvafiq olaraq “Avropa Siyasi Birliyi”nin VI və VII Zirvə görüşləri çərçivəsində baş tutan təmaslar, həmçinin bu ilin mart və may aylarında liderlər arasında telefon danışıqları, eləcə də Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin martın 18-də Parisdə Yelisey sarayının diplomatik müşaviri Emmanuel Bonne və digər fransalı həmkarlarla apardığı məzmunlu müzakirələr tərəflərin böhran fazasını geridə qoyaraq münasibətləri institusional çərçivədə sabitləşdirmək iradəsini nümayiş etdirir.
Paralel olaraq, rəsmi ritorikada müşahidə olunan yumşalma normallaşma prosesini təsdiqləyən ikinci mühüm amildir. Makronun may ayında ünvanladığı təbrik məktubunda münasibətlərin normallaşdırılması və qarşılıqlı etimadın bərpası niyyətinin açıq ifadəsi, eləcə də cənab İlham Əliyevin son təmaslara istinad edərək “yeni mərhələ” və “bərabərhüquqlu tərəfdaşlıq” vurğusu diplomatik diskursun konfrontasiyadan praqmatik əməkdaşlığa doğru keçdiyini göstərir. Bu fonda 2027-ci il Fransada prezident seçkiləri Bakı və Paris arasında münasibətlərin gələcək trayektoriyası üçün həlledici rol oynaya bilər.
Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq
Fransa Prezidenti Emmanuel Makronun prezidentlik müddəti gələn ilin may ayında başa çatır. Onu əvəz edə biləcək real siyasi fiqurlardan biri isə Marin Le Pendir. Baxmayaraq ki, ona qarşı cinayət işi açılıb və müxtəlif ittihamlar irəli sürülüb, onu dəstəkləyən dairələrin sayı kifayət qədərdir.
Məlum olduğu kimi, uzun illər ərzində Marin Le Pen Ermənistanı dəstəkləyib və Qarabağa xüsusi status verilməsinin tərəfdarı olub. Bu mövqe onun çıxışlarında və yazılarında açıq şəkildə əks olunub. Lakin Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra o, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf edib. Bu isə onun mövqeyində müəyyən ziddiyyətli məqamların mövcudluğunu göstərir.
Əgər gələcəkdə o, prezident seçilərsə, mövcud geosiyasi reallıqlarla hesablaşmalı olacaq. Artıq beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Hətta Ermənistanın özü də bu reallığı qəbul edib. Buna görə də bu faktlarla barışmaq və onları nəzərə almaq qaçılmazdır.
Digər tərəfdən, bu o demək deyil ki, onun rəhbərliyi dövründə Fransa dərhal Azərbaycanla dostluq və ya strateji tərəfdaşlıq münasibətləri quracaq. Lakin aydındır ki, o, Azərbaycanın formalaşdırdığı yeni reallıqları qəbul etməyə məcbur olacaq. Çünki rəsmi Bakı və Paris arasında müəyyən əlaqələr və qarşılıqlı münasibətlər mövcuddur və bu münasibətlərin tamamilə pozulması heç bir tərəfin marağında deyil. Fransa siyasi elitası bunu yaxşı anlayır.
Bu gün Azərbaycan regionda aparıcı aktora çevrilib və qlobal siyasətdə də öz mövqeyini möhkəmləndirib. Ölkə bir sıra mühüm beynəlxalq məsələlərin həllində aktiv iştirak edir və bu faktorlar istənilən siyasi lider üçün nəzərə alınmalı reallıqlardır.
Tacir SADIQOV
XQ