Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bardellanın mövqeyi niyə zəifləyir?
Fransada ifrat sağçı “Milli Birlik” partiyasının növbəti prezident seçkilərinə hazırlaşdığı bir vaxtda diqqətlər yenidən Marin Le Penin yaxın çevrəsinə yönəlib. Son illər partiyanın simasını dəyişməyə və onu keçmişdəki antisemitizm ittihamlarından uzaqlaşdırmağa çalışan Le Pen bu dəfə kampaniyasını daha çox ailə üzvləri və etibar etdiyi şəxslərlə qurur.
Proses partiyanın gənc lideri Cordan Bardellanın mövqeyinin zəiflədiyi barədə müzakirələri gücləndirir. 31 yaşlı Bardella son günlərdə gənclik illərində antisemitizm məzmunlu mesajlar yaydığı iddiaları ilə üzləşib. O, bu ittihamları qətiyyətlə rədd edərək yalan adlandırıb. Qalmaqal Le Penin partiyanı radikal keçmişindən uzaqlaşdırmaq üçün uzun illər apardığı strategiyanın fonunda ortaya çıxıb. Marin Le Pen hələlik siyasi varisini açıq şəkildə müdafiə etsə də, Milli Assambleyada Bardellanın əleyhinə kampaniyanın aparıldığı iddia edilir. Bardellanın problemləri sadəcə bunlarla bitmir. Partiya daxilində onun mövqeyinin zəiflədiyi barədə siqnallar da bir müddətdir özünü büruzə verir.
Qeyd etdiyimiz kimi, Le Pen prezident seçkilərinə hazırlaşdıqca ailə üzvlərini və sadiq tərəfdarlarını qərarvermə prosesinə daha da yaxınlaşdırır. Sözügedən dəyişikliklərin ən diqqətçəkən nümunələrindən biri onun 27 yaşlı qardaşı qızı Noluenn Olivierin kommunikasiya direktoru vəzifəsinə gətirilməsi olub. Olivier artıq kampaniyanın əsas fiqurlarından sayılır. Digər qardaşı qızı Marion Mareşal son prezident seçkiləri zamanı partiyadan uzaqlaşsa da, yenidən rəhbərliyin etimadını qazanıb və qarşıdakı seçki kampaniyasında ön sırada yer alacağı gözlənilir. Le Penin ən yaxın müşavirlərindən biri hesab olunan qayını Filipp Olivier də kampaniyanın strateji müzakirələrində fəal iştirak edir. Bardellaya yaxın hesab edilən bir sıra şəxslərin isə yüksəliş imkanlarından məhrum edildiyi, ya da partiyadan uzaqlaşdırıldığı bildirilir.
Göründüyü kimi, bir vaxtlar Le Penin mümkün siyasi varisi kimi təqdim olunan Bardellanın son aylarda kölgədə qalması diqqətdən yayınmır. Hətta “Milli Birliy”in parlament toplantılarından birində partiya sədri olmasına baxmayaraq, ona çıxış etmək imkanı verilməməsi Fransa mediasında geniş müzakirə olunub. Halbuki Bardella uzun müddət Le Penin hakimiyyətə gələcəyi halda, baş nazir postuna ən real namizəd kimi göstərilirdi. Hazırda Le Penin onu kənara qoymağa hazırlaşdığına dair konkret əlamət olmasa da, partiyanın tarixi göstərir ki, lider siyasi maraqları şəxsi münasibətlərdən üstün tutmaqdan çəkinmir. Bunun ən parlaq nümunəsi 2015-ci ildə yaşanıb. Antisemitizm yönümlü açıqlamalarına görə yaranan qalmaqallar fonunda Le Pen partiyanın qurucusu və öz atası Jan-Mari Le Penin təşkilatdan xaric edilməsinə dəstək verib. Sözügedən addım onun partiya üzərində nəzarəti qorumaq naminə ən yaxın ailə bağlarını belə ikinci plana ata bildiyini nümayiş etdirmişdi. Deməli, Bardellanın səhv etmək imkanı getdikcə azalır.
Partiyanın keçmiş aparıcı simalarından Florian Filippot Bardellanın üzləşdiyi vəziyyətin ona tanış gəldiyini deyib. Hələ 2017-ci il seçkilərindən sonra rəhbərliklə fikir ayrılığı səbəbindən partiyadan ayrılan Filippotun sözlərinə görə, çıxış imkanlarının məhdudlaşdırılması və diqqət mərkəzindən uzaqlaşdırılmaq kimi addımlar partiya daxilində verilən mesajların göstəricisidir. Onun fikrincə, Le Penin ətrafı tez-tez yeni şəxsləri ön plana çıxararaq əvvəlki yaxın tərəfdaşlara artıq etimadın qalmadığını nümayiş etdirir.
Yeri gəmişkən, Le Pen ailəsinin seçki kampaniyasındakı rolu hələ yay aylarından açıq şəkildə hiss olunmağa başlamışdı. İyulun əvvəlində məhkəmənin onun prezident seçkilərində iştirakına “yaşıl işıq yandırmasından” dərhal sonra Le Pen ilk kampaniya səfərini Paris yaxınlığındakı La Fleş şəhərinə etmişdi. “Milli Birliy”in güclü dayaqlarından biri hesab olunan şəhərdə onu bacısı Marie-Karolayn Le Pen, qayını Filipp Olivier və qardaşı qızı Noluenn Olivier müşayiət etmişdi. Səfərdə Bardellanın da iştirakına baxmayaraq, müşahidəçilərin diqqəti əsasən Le Pen ailəsinin nümayəndələrinə yönəlmişdi.
Əslində, “Milli Birlik” tarixində ailə ilə partiya maraqlarının iç-içə keçməsi yeni hadisə deyil. Le Pen 2021-ci ildə rəhbərliyi Bardellaya təhvil verənə qədər təşkilat və onun sələfi olan Milli Cəbhə, təxminən yarım əsr Le Pen ailəsinin nəzarətində olub. Həmin dövrdə bir çox nüfuzlu siyasətçi partiyada yüksəlsə də, ailənin maraqları ilə toqquşduqları anda kənarda qalıblar.
1990-cı illərin sonlarında partiyanın ikinci ən nüfuzlu fiquru sayılan Bruno Megret rəhbərliklə qarşıdurmaya girərək təşkilatda parçalanmaya səbəb olmuşdu. Həmin böhran nəticəsində Marin Le Pen atasının əsas siyasi dayaqlarından birinə çevrilmişdi. Məsələn, partiyanın keçmiş liderlərindən Jan-İv Le Qallu həmin dövrü xatırlayarkən Marin Le Penin siyasi instinktlərinin çox güclü olduğunu və hakimiyyət uğrunda mübarizədə tərəddüd etmədiyini bildirir. Sonrakı illərdə bu xüsusiyyət bir neçə dəfə özünü göstərib. Əvvəlcə atasının partiyadan uzaqlaşdırılması, daha sonra isə 2017-ci ildən sonra Florian Filippotun təşkilatdan ayrılması Le Penin rəhbərlik üslubunun nümunələri kimi qiymətləndirilir.
Hazırda Bardellanın vəziyyətini mürəkkəbləşdirən əsas məqam elə budur. Bir neçə ay əvvələdək Bardella Le Penin seçkilərdə iştirak edə bilməyəcəyi ehtimalına qarşı partiyanın ehtiyat namizədi kimi hazırlanırdısa, sözügedən ssenari gündəmdən çıxandan sonra o, yenidən Le Penin arxasında dayanmalı olub.
N.ELDARQIZI
XQ