“Legioner bazarlığı” (ARAŞDIRMA)

29.08.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqası klubları transfer çalışmalarını davam etdirir.

Çempionatda iddialı kollektivlər fəal, digərləri isə təmkinli davranır. Legioner limitinin ləğvindən sonra üstünlüyü əcnəbilərə verən klublar artıq bir çox xarici futbolçu keçidini reallaşdırıb.

“Transfer pəncərəsi”ndə ən çox legioner gətirən klub “Qarabağ”dır. Konfrans Liqasına vida edən “atlılar” ötən mövsümün əsas heyətindən bir sıra futbolçularla vidalaşıb və yenidən formalaşır.

Ötən mövsüm liqada çempionluq seriyası qırılan “Qarabağ” avrokuboklarda da mübarizəni dayandırıb. “Tvente” səddini aşa bilməyən “atlılar”da nəticələrin uğursuz alınması komandanın yenilənmə mərhələsində olmasıyla bağlıdır.

Son olaraq iki legioner transferini açıqlayan “Qarabağ” yayda ümumilikdə 10 legioner futbolçunu heyətinə qatıb. Əsasən hücum xəttində əcnəbilərə üstünlük verən “atlılar”ın yeni transferlərinin adaptasiyası üçün zamana ehtiyacı var. Keyfiyyətli heyət formalaşdıran Qurbanov komandanın əvvəlkindən də güclü olmasını istəyir. Təsadüfi deyil ki, mütəxəssis bu mövsüm avrokubok matçlarından sonra dəfələrlə yenilənmə məsələsinə toxunub və komandanın daha da güclənəcəyini bildirib.

Legioner transferlərinin sayına görə ikinci sırada “Şəfa”dır. Premyer Liqanın debütantı mövsüm başlamazdan öncə yerli futbolçulara üstünlük veriləcəyini iddia etsə də, transferlər bunun əksini göstərir. Bakılılar artıq 9 əcnəbi futbolçu gətirib. Belə bir fikir formalaşıb ki, elitada qalmaq legionerlərin hesabına mümkündür. Görünür, “Şəfa” da bu yanaşmanı özünə əsas yol seçib.

Rəqəmlərə nəzər saldıqda, digər maraqlı məqam “Qəbələ” ilə bağlıdır. Ötən il maliyyə çatışmazlığı səbəbindən akademiyasının fəaliyyətini məhdudlaşdıran “qırmızı-qaralar” keçən mövsüm güc-bəla ilə liqada qaldı. Bu mövsüm isə iki turu da məğlubiyyətlə başa vurub.

Kaxaber Sxadadze ilə bağlı narazılıq çoxdur. Mütəxəssis özü isə heyətdən şikayətlənir. Buna baxmayaraq, “Qəbələ” yay transfer dövründə ən çox əcnəbi gətirən kollektivlərdəndir – 7 legioner.

Mövsümün əvvəli olduğu üçün kimi dindirsən, uğursuzluğun əsas səbəbini adaptasiyada görür. Lakin bir məqam da var: futbolçuların, xüsusilə əcnəbilərin meydanda sərgilədiyi oyun indiki məqamda müsbət təəssürat yaratmır.

Çempionatda ən az əcnəbi transferi edən isə “İmişli”dir. Baş məşqçi postuna gənc mütəxəssis Fərid Namazovu gətirən “pələnglər” buna qədər iki legioner transfer edib. Əslində, rəqəm üç idi. Lakin ötən ay komandaya cəlb olunan Dominqos Sengui Hermenegildoda hepatit aşkarlandığı üçün onunla yollar ayrılıb.

“Sumqayıt”, “Şamaxı”, “Kəpəz” isə ötənilki tendensiyanı davam etdirir. Demək olar ki, hər mövsüm 5-6 legioner gətirən bu klublar mövsümü də əsasın orta və aşağı pillələrdə başa vurur. Gözlənti budur ki, hələlik iddialı heyət formalaşdırmaq üçün yetərli büdcəsi olmayan komandalar yavaş-yavaş transfer siyasətini dəyişərək, yerlilərə üstünlük verməyə başlayacaq. 

Yay transfer dövrünə ümumi nəzər salsaq, klublar bunadək 72 legioner transfer edib. Bu isə 12 kollektiv arasında orta hesabla 6 legioner deməkdir. Klublar çempionat oyunları üçün adətən sifariş ərizəsinə 24, 26 futbolçu daxil edir. Bu isə komandaların heyətində legionerlərə üstülük verildiyini göstərir.

Limitin yaratdığı mənzərə budur. Qarşıda milli komandanın toplanışı olacaq. Baş məşqçi Ayxan Abbasov futbolçu seçimində yenə çətinliklərlə üzləşir. Oyun praktikasının azlığı isə yığmanın çıxışına da təsirsiz ötüşməyəcək.

Misli Premyer Liqasında yayda edilən legioner transferləri:

Sabah – 5.
Qarabağ – 10.
Turan Tovuz – 4.
Neftçi – 6.
Zirə – 4.
Araz-Naxçıvan – 8.
Sumqayıt – 5.
Şamaxı – 6.
İmişli – 2.
Kəpəz – 6.
Qəbələ – 7.
Şəfa – 9.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью