Lənkəran Astara regionunda çayçılığın keçmişi və əhəmiyyəti

14.11.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Azərbaycanın cənub-şərqində, Xəzər dənizi ilə Talış dağlarının qovuşduğu unikal subtropik zolaqda yerləşən Lənkəran-Astara regionu ölkəmizdə çayçılığın vətəni və əsas mərkəzidir. Bölgədə çayçılığın tarixi XIX əsrin sonlarından başlayaraq sovet dövrünün sənayeləşmə mərhələsindən, müstəqillik illərinin böhran və dirçəliş dövrlərindən keçərək bu günümüzə qədər zəngin bir yol qət edib.

Azərbaycanda çay bitkisinin sənaye əhəmiyyətli əkininə qədər əhali çayı əsasən idxal məhsulu kimi tanıyırdı. XIX əsrin sonlarında Rusiya imperiyası daxilində çaya olan tələbatın artması Cənubi Qafqazın rütubətli subtropik bölgələrində plantasiyaların salınması ideyasını gündəmə gətirdi. Tarixi mənbələrə görə, Lənkəran torpağında ilk çay kolları 1896-cı ildə həvəskar bağban M.O. Novoselov tərəfindən əkilib. Lakin dövlət səviyyəsində sistemli dəstək olmadığından və yerli kəndlilərin aqrotexniki bilikləri çatışmadığından bu təşəbbüslər uzun müddət həvəskar təcrübə çərçivəsindən kənara çıxa bilmədi.

Online shopping Azərbaycan

Lənkəran-Astara regionunda çayçılığın elmi əsaslarla öyrənilməsi və geniş miqyaslı təsərrüfat sahəsinə çevrilməsi XX əsrin 20-ci illərinin sonu və 30-cu illərinə təsadüf edir. 1929-cu ildə Lənkəranda Çay və Subtropik Bitkilər Elmi-Tədqiqat İnstitutunun filialı yaradıldı, Hirkan və Ərçivanda ilk təcrübə plantasiyaları salındı. 1934-cü ildə çayçılığın inkişafı dövlət proqramı səviyyəsinə qaldırıldı, 1937-ci ildə isə Lənkəranda ilk çay fabriki istifadəyə verildi. Həmin onilliyin sonunda bölgədə 4,5 min hektara yaxın çay plantasiyası mövcud idi.

Sahənin ən parlaq və pik inkişaf mərhələsi 1970–1980-ci illərə təsadüf edir. Bu dövrdə Xanbulançay və Viləşçay su anbarlarının tikilməsi çay plantasiyalarının suvarma suyu ilə təminatını köklü surətdə həll etdi. 1980-ci illərin sonlarına doğru Azərbaycanda çay plantasiyalarının ümumi sahəsi 13,4 min hektara çatdı ki, bunun da 92 faizindən çoxu Lənkəran-Astara regionunun payına düşürdü. Həmin illərdə hər hektardan orta məhsuldarlıq 30-35 sentner (qabaqcıl təsərrüfatlarda 50-60 sentner) təşkil edirdi. İllik yaşıl çay yarpağı yığımı 34-35 min ton, quru çay istehsalı isə 8-8,5 min ton olub. Bu istehsal həcmi ölkə əhalisinin çaya olan tələbatının 65-70 faizini ödəməklə yanaşı, SSRİ bazarlarına geniş ixrac edilirdi.

1990-cı illərin əvvəllərində SSRİ-nin dağılması, iqtisadi əlaqələrin qırılması və torpaqların xırda paylara bölünməsi sahəyə sarsıdıcı zərbə vurdu. Dövlət subsidiyalarının dayanması və ucuz idxal çaylarının axını fonunda 2000-ci illərin əvvəllərində çay plantasiyalarının sahəsi kəskin şəkildə azalaraq 500-600 hektara, illik yaşıl çay yığımı isə 400-500 tona endi.

XXI əsrin əvvəllərindən, xüsusilə "Çayçılıq haqqında" Qanunun qəbul edilməsi və "2018–2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində atılan addımlar sahəyə yeni nəfəs verdi. Görülən tədbirlər nəticəsində bu gün Lənkəran-Astara iqtisadi rayonunda çay plantasiyalarının ümumi sahəsi yenidən 1000-1100 hektarı ötüb (sahələrin 55-60 faizi Lənkəran, 30-35 faizi Astara, qalanı isə Masallı rayonunun payına düşür). Yeni plantasiyalarda məhsuldarlıq orta hesabla 15-20 sentner, intensiv bağlarda isə 30 sentner təşkil edir, illik yaşıl çay yarpağı yığımı isə 1100-1300 ton civarındadır. İxrac sahəsində də müsbət dinamika müşahidə olunur: Azərbaycan illik orta hesabla 700-1000 ton həcmində və 6-9 milyon ABŞ dolları dəyərində çay ixrac edir. "Made in Azerbaijan" brendi ilə qara və yaşıl çaylar əsasən Rusiya, Gürcüstan, Ukrayna, Belarus, eləcə də Almaniya və Yaxın Şərq bazarlarına çıxarılır.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью