Lənkəran multikultural ənənələr şəhəridir

14.07.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Lənkəran tarix boyu müxtəlif dini və etnik icmaların qarşılıqlı hörmət, sülh və anlaşma şəraitində birgə yaşadığı mühüm mədəniyyət mərkəzlərindən biri olmuşdur. Şəhər ərazisində müxtəlif dövrlərdə fəaliyyət göstərmiş ibadət məkanları regionun zəngin multikultural ənənələrə malik olduğunu nümayiş etdirir. Bu tarixi-mənəvi irs müasir dövrdə etnik və dini müxtəlifliyə əsaslanan tolerantlıq və qarşılıqlı əməkdaşlıq prinsiplərinin formalaşmasında mühüm nümunə kimi çıxış edir.

XX əsrin 30-cu illərində Sovet totalitar rejiminin həyata keçirdiyi ateizm siyasəti nəticəsində Azərbaycanın digər bölgələrində olduğu kimi, Lənkəranda da dini-mədəni irs ciddi təqib və məhdudiyyətlərlə üzləşmişdir. Həmin dövrdə şəhərdə fəaliyyət göstərən bir sıra kilsə və sinaqoqlar dağıdılmış, məscidlərin böyük hissəsi isə bağlanaraq müxtəlif təsərrüfat və inzibati məqsədlər üçün istifadə edilmişdir. Bununla belə, şəhərin çoxəsrlik dini-mədəni irsi günümüzdə multikultural dəyərlərin qorunması və təbliği baxımından öz əhəmiyyətini saxlamaqdadır.

Arxiv sənədlərinə əsasən, 1917-ci ildə Lənkəran şəhərində qeyri-müsəlman dini icmalarına məxsus 7 ibadətgah fəaliyyət göstərmişdir:

1. XVIII əsrdə Lənkəran qalasında inşa edilmiş 2 rus pravoslav kilsəsi;

2. XIX əsrdə Qala, Kiçik Bazar və Qumbaşı ərazilərində tikilmiş daha 3 rus pravoslav kilsəsi;

3. Katolik kilsəsi (hazırkı Koroğlu küçəsi ərazisində);

4. Yəhudi sinaqoqu (hazırkı Mirzə Səlim Axundzadə küçəsində).

Rus pravoslav kilsələri, katolik məbədi və yəhudi sinaqoqunun eyni dövrdə fəaliyyət göstərməsi Lənkəranda dini plüralizmin mövcudluğunu və onun ictimai həyatın ayrılmaz hissəsinə çevrildiyini göstərir. Bu şərait müxtəlif dini və etnik qruplar arasında qarşılıqlı anlaşmanın, tolerant münasibətlərin və multikultural birgəyaşayış modelinin formalaşmasına zəmin yaratmışdır.

Bu ibadət məkanları, eyni zamanda, müxtəlif etnik və dini kimliklərin şəhərin mədəni həyatına verdiyi töhfələrin göstəricisidir. Onların mövcudluğu sübut edir ki, Lənkəran tarixən müxtəlif xalqların, dillərin və dini ənənələrin qovuşduğu, qarşılıqlı hörmət və əməkdaşlıq mühitinin formalaşdığı mühüm şəhərlərdən biri olmuşdur. Bu tarixi faktlar şəhərdə təşəkkül tapmış inklüziv mühitin yerli əhalinin dünyagörüşünə, mənəvi dəyərlərinə və sosial münasibətlər sisteminə mühüm təsir göstərdiyini təsdiqləyir.

Bu gün Lənkəranın multikultural irsi keçmişin yadigarı olmaqla yanaşı, həm də gələcək nəsillər üçün mühüm mənəvi sərvətdir. Şəhərin dini və etnik müxtəlifliyə əsaslanan tarixi təcrübəsi Azərbaycan cəmiyyətində tolerantlıq, qarşılıqlı hörmət və birgəyaşayış ənənələrinin möhkəmləndirilməsinə xidmət edən qiymətli nümunələrdən biridir.

Samid QULİYEV,
Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, ilahiyyatçı-alim

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью