Lənkəran təbiətinin gözəli Xanbulan gölü VİDEO

05.06.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Lənkəran, 30 may, İlkin Adıyev, AZƏRTAC

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Növbəti ünvan Lənkəranın Xanbulan gölüdür.

Xanbulan gölü Lənkəranın cənub-şərq hissəsində, dağətəyi meşəliklər arasında yerləşir. Əsrarəngiz təbiəti ilə seçilən bu yer, əslində süni yaradılsa da, zaman keçdikcə ətraf mühiti ilə elə vəhdət təşkil edib ki, sanki minilliklərdir mövcud olub. Xanbulanın ən dərin yeri 75 metr, su anbarının tutumu isə 52 milyon kubmetrdir.

Göl Hirkan Milli Parkının bir hissəsi olmaqla, nadir flora və fauna növlərinin qorunduğu unikal ekosistemdə yerləşir. Bu ərazilərdə yalnız Azərbaycana məxsus endemik bitkilər, xüsusilə Hirkan palıdı, dəmirağac, Lənkəran akasiyası kimi nadir ağac növləri yetişir. Bura həm də çoxlu sayda köçəri və yerli quşların sevimli məskənidir.

Gölün adı haqqında maraqlı fikirlər mövcuddur. Rəvayətlərə görə, "Xanbulan" adı burada vaxtilə Lənkəran xanlarının ov məkanı olmasından irəli gəlir. Əfsanəyə görə, Lənkəran xanı bu ərazilərdə istirahətə çəkilər, ov edər və meşədəki bulaqların suyundan içərmiş. Beləliklə, "Xanın bulağı" mənasında Xanbulan adı yaranmışdır.

Burada subtropik iqlim hakimdir. Yayda sıx meşəliyin yaratdığı sərinlik buranı istirahət üçün ideal edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью