Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir

30.09.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Lənkəran, 30 sentyabr, AZƏRTAC

Lənkəran rayonunda çəltik biçini davam edir. Bu il rayonda 765,1 hektar sahədə çəltik əkilib. Artıq 350 hektardan çox sahədə biçin aparılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fermerlər sahələrdə məhsuldarlığın yüksək olduğunu, çəltik məhsulunun keyfiyyətindən razı qaldıqlarını bildirirlər. Bəzi təsərrüfatlarda isə biçin artıq yekunlaşmaq üzrədir.

Çəltikçiliklə məşğul olan fermer İltimas Fərəcov bildirib ki, təsərrüfatında 157 hektar sahədə müxtəlif çəltik sortları əkilib. Onun sözlərinə görə, hektardan 5 tondan artıq məhsul götürülməsi gözlənilir. Fermer artıq 60 hektardan çox sahədə biçin apardıqlarını qeyd edib.

“Bizim sahəmiz 157 hektardır. Müxtəlif sortlar əkmişik. Hazırda biçin gedir, Apolla sortunu biçirik. Şükür Allaha məhsuldarlığımız yaxşıdır, biçin də normal gedir. Havalar belə getsə, inanıram ki, yaxın vaxtlarda biçini tam bitirəcəyik”, – deyə fermer bildirib.

Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun baş məsləhətçisi Ceyhun Bağırovun sözlərinə görə, 2025-ci ildə rayonda 780,2 hektar sahədə çəltik əkilib və orta məhsuldarlıq 42 sentner olmaqla, ümumilikdə 2781,2 ton məhsul istehsal edilib. O bildirib ki, 2026-cı ildə bəzi əkin sahələri dincə qoyulub, çəltik əkininə yararlı torpaqlarda isə əkin aparılıb. Hazırda rayonda 350 hektardan çox çəltik sahəsində biçin aparılıb. Orta məhsuldarlıq 52 sentner olmaqla, 1820 ton məhsul yığılıb. Yığım işləri davam etdirilir.

Mütəxəssisin sözlərinə görə, rayonda əsasən “Besta”, “Haşimi”, “Zəfər” və “Apolla” sortlarından istifadə olunur. Çəltik əkinləri əsasən Girdəni, Viravul, Siyavar və Göyşaban ərazilərində salınıb. Göyşabanda əlavə 50 hektar, Siyavarda isə 30 hektar sahədə çəltik əkilməsi nəzərdə tutulur. Çəltik əkinlərinin sahəsinin 2030-cu ilədək daha da artırılması planlaşdırılır. Biçindən sonra məhsulun əsas hissəsi emal müəssisələrinə göndərilir. Lənkəranda fəaliyyət göstərən 3 çəltik emalı zavodunun hər biri gün ərzində 10-15 ton məhsul emal etmək imkanına malikdir.

Yığım işlərinin hava şəraitindən asılı olaraq oktyabr ayınadək davam edəcəyi gözlənilir. Müasir texnikadan istifadə isə biçin prosesinin daha qısa müddətdə aparılmasına və məhsul itkisinin minimuma endirilməsinə imkan verir.

Müxbir- İlkin Adıyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью