Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Lənkəran, 2 fevral, İlkin Adıyev, AZƏRTAC
Lənkəran rayonunda fərdi yaşayış evində baş verən yanğın ölümlə nəticələnib. Hadisə gecə saatlarında rayonun Aşağı Nüvədi kəndi ərazisində qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənd sakini, 1981-ci il təvəllüdlü Rəfi Firdovsi oğlu Rəhimova məxsus ümumi sahəsi 400 kvadratmetr olan ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə Hissəsinin 2 texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Otaqlarda aparılan kəşfiyyat zamanı ev sahibi R.Rəhimovun meyiti aşkar edilib.
Meyit daxili və xarici müayinələrin aparılması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Hər mərtəbəsi 200 kvadratmetr olan, 6 otaqdan ibarət ikimərtəbəli evin yanar konstruksiyaları tamamilə yanıb.
Faktla bağlı araşdırma aparılır.