Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Lənkəran Şəhər İcra Hakimiyyətində rayonda yaşayıb çalışan jurnalistlərlə görüş keçirilib. İcra hakimiyyətinin başçısı Taleh Qaraşov media təmsilçilərini peşə bayramı münasibətilə təbrik edərək, mətbuatımızın bütün dövrlərdə ənənələrə söykənərək milliliyini saxladığını, cəmiyyətin və sözün dəyərli tribunasına çevrildiyini bildirib.
Görüşdə ümummilli lider Heydər Əliyevin müstəqillik dövründə senzuranı ləğv etdiyi, KİV-in maddi-texniki bazasının möhkəmləndirildiyi və mətbuatın tarixində yeni inkişaf mərhələsinin başlandığı diqqətə çatdırılıb. Ulu öndərin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına, jurnalistlərin sosial və məişət şəraitinin yaxşılaşdırılmasına misilsiz qayğı göstərdiyi vurğulanıb.
Söhbət zamanı Lənkəranda media işçilərinin operativliyindən, peşəkarlığından razılıq ifadə edilib. Mətbuat təmsilçilərinin yerli icra orqanları ilə qarşılıqlı əməkdaşlıq şəraitində işlədikləri, yeniliklərin, baş verən hadisələrin ictimaiyyətə operativ və qərəzsiz şəkildə çatdırıldığı bildirilib.
Məclisdə media nümayəndələri ölkəmizdə söz, fikir və mətbuat azadlığının yüksək səviyyədə təmin edildiyini, kütləvi informasiya vasitələrinə ardıcıl, davamlı şəkildə qayğı göstərildiyini vurğulayaraq Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri