Lənkəranda ötən ilin sosial iqtisadi yekunların və qarşıda duran vəzifələrin hesabatı verilib

26.01.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cənub mirvarisi Lənkəranda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında Lənkəran Şəhər İcra Hakimiyyətinin  başçısı Taleh Qaraşov, Prezidentin Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, Milli Məclisin deputatları Cavanşir Paşazadə, Anar  İsgəndərov, YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Tədbirdən əvvəl iştirakçılar  Müstəqil Azərbaycanın  yaradıcısı,   ulu öndər Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzi meydanında ucaldılan  abidəsi önünə gül dəstələri qoyublar.

Şəhər Heydər Əliyev Mərkəzində ulu öndərin  və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş zəfər  şəhidlərinin  əziz  xatirəsi bir dəqiqəlik sükutla anılmaqla başlanan tədbirdə  2025-ci il üzrə görülmüş işlər, sosial-iqtisadi inkişafın yekunları və 2026-cı ildə qarşıda duran prioritetlər barədə  məlumat verən Şəhər İcra Hakimiyyətinin  başçısı T. Qaraşov  deyib: -Respublikamızda  aparılan  ardıcıl məqsədyönlü dövlət siyasəti nəticəsində ölkəmiz bu gün yalnız regionun deyil, bütövlükdə beynəlxalq miqyasda siyasi nüfuza, iqtisadi gücə və dayanıqlı inkişaf modelinə malik qabaqcıl dövlətlər sırasında durur. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş  dövlətçilik xəttinin Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun inkişafı nəticəsində müstəqil Azərbaycan çoxəsrlik dövlətçilik tarixinin ən qüdrətli dövrünü yaşayır.

İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində 2025-ci ildə ölkəmizin ümumi inkişafı fonunda Lənkəran rayonununda da dayanıqlı sosial-iqtisadi inkişafı davam edib, il ərzində iqtisadi göstəricilər artan templə yüksəlib.  Rayonda bir sıra həyati əhəmiyyətli infrastruktur layihələr icra olunub, sənayedə, kənd təsərrüfatında, tikintidə, yol-abadlıq işlərində işin həcmi artıb, yeni iş yerləri açılıb, əhalinin yaşayış səviyyəsi yaxşılaşıb.

Belə ki, rəqəmlərin dili ilə desək, İl ərzində rayonda ümumi məhsul buraxılışı 747,5 milyon manat olub. Sənayedə 171,2 milyon manatlıq  məhsul istehsal olunub ki, bu da əvvəlki ilə nisbətən 3.3 faiz çoxdur. Eləcə  sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 81,4 faizi  keçib,  hesabat ilində 2103 nəfər işlə təmin olunub, bunun 1025-i qadındır. Bu dövrdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 185 sahibkarlıq subyektinə    7 627 400 manat güzəştli kreditlər verilib. 2025-ci ildə rayonda iqtisadiyyatın, sosial sahənin  inkişafına 63 milyon manat investisiya yönəldilib ki, bunun  46 milyon 450 min manatı özəl investisiyadır. 

Lənkəran şəhərində və rayonun yaşayış məntəqələrində abadlıq və quruculuq sahəsində tədbirlər 2025-ci ildə də davam etdirilib. Magistral yollar boyu və şəhərdaxili küçələrdə 7895.2 kv.m hasar və bardürlar təmir edilərək suvaqlanıb, 20902,3  kv/m hasar, qapı və 5617 metr bardür rənglənıb və 10382,5 kv.m. tamet daşı döşənib. Həmçinin Lənkəran şəhərində 4 çoxmənzilli yaşayış binasının fasadı, pilləkən qəfəsləri, giriş qapıları rənglənib. Lənkəran şəhərində 8 və Liman şəhərində 1 küçə olmaqla ümumilikdə daxili yollara 20641 kv.metr isti asfalt döşənib.

Rayonda sahibkarlığın inkişafı, yeni istehsal obyektlərinin yaradılması və yeni iş yerlərinin açılması sahəsində də ardıcıl işlər aparılıb.  Hesabat dövründə ticarət dövriyyəsi artıb, 815.9 milyon manatlıq ticarət, 151,6 milyon manatlıq ödənişli xidmətlər göstərilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ticarət xidməti 2.1 faiz, ödənişli xidmətlər 2.2 faiz artıb, orta aylıq əmək haqqı  697.8 manat təşkil edib. Bu da, əvvəlki dövrə nisbətən 11.0  faiz çoxdur.     

Lənkəran rayonunun ən böyük 2 problemi-kanalizasiya sisteminin yenilənməsi və  zibil poliqonunun müasir dövrün tələblərinə cavab verən səviyyəyə gətirilməsi  artıq reallaşmaq üzrədir. Ötən il “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsi çərçivəsində dəyəri 50 milyon manat olan tenderin qalibi müəyyənləşib, işlərin yaxın müddətdə başlanması nəzərdə tutulub. Eyni zamanda,  2026-cı il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısında Lənkəran rayonunda bərk məişət tullantılarının idarə edilməsi layihəsi də vardır.

Rayonun aqrar sahəsinə toxunan rayon rəhbəri bildirib ki, 2025-ci ildə bu sahədə də işlər ürək açandır. 222.6 milyon  manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da əvvəlki dövrlə müqayisədə 17.7 faiz çoxdur. 5925.7 ha sahədə əkin keçirilib ki, bu da keçən ilə nisbətən 0.6 faiz çoxdur. Ümumilikdə rayon üzrə 74614.6 ton tərəvəz,  4006.0 ton kartof, 5031.8 ton taxıl, 22998.1 ton meyvə, 395.8 ton yaşıl çay yarpağı istehsal edilib.

Xarxatan kəndində ümumi sahəsi 83 ha olan ərazinin 35 hektarında, Tükəvilə kəndində ümumi sahəsi 42 hektar olan ərazinin 18 hektarında, Şürük kəndində ümumi sahəsi 18,5 ha ərazinin 7,5 hektarında yeni kivi bağları salınıb.

932,3 hektar sitrus meyvə bağından   11332 ton məhsul  götürülüb.   516.4 hektar feyxoa bağında isə yığılan məhsul 5750,2  ton çatıb. Həmçinin ənənəvi təsərrüfat  sahələrinin dirçəldilməsi ilə bağlı cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar  2025-ci ildə 5426,3 kiloqram yüksək keyfiyyətli barama məhsulu istehsal edilib.           

Hesabat dövründə rayonda təhsil, səhiyyə, mədəniyyət sahələrində məqsədyönlü  işlər görülüb.  2 məktəbində əsaslı təmir işləri aparılıb, 336 şagird yerlik Viyən kənd tam orta məktəbi üçün yeni binanın tikintisi davam edir. Həmçinin 120 şagird yerlik O. Mirzəyev adına 5 saylı Uşaq evi Sosial xidmətlər müəssisəsi publik-hüquqi şəxsdə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir və yenidənqurma işləri aparılıb. Layihə dəyəri 30,0 milyon manat, tikinti sahəsi 11624,9 kv.m olan Lənkəran Dövlət Peşə Təhsil Müəssisəsinin yeni  inzibati  binası istifadəyə  hazırdır. Səhiyyə sahəsində də infrastrukturun müasir tələblərə cavab verməsi  üçün   “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” publik-hüquqi şəxs üçün  yeni  avadanlıqlar alınıb.   90 çarpayılıq  Yaşat Hospitalın binasında tikinti işləri başa çatdırılıb. 

Vətəndaş  müraciətlərinə baxılması istiqamətində  hesabat dövründə önəmli addımlar atılıb. Şəhər İcra hakimiyyəti başçısı aparatında ümumilikdə 10338 vətəndaş qəbul edilib. Onlardan 5275-i icra başçısı tərəfindən ayrı-ayrı yaşayış yerlərində keçirilən 45 səyyar görüş-qəbullarda  olub, 186 vətəndaşın fərdi müraciəti dinlənilib, qaldıran  206 məsələlərlə   bağlı müvafiq tədbirlər görülüb.

Çıxış edənlər-Prezidentin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, Milli Məclisin deputatı Anar  İsgəndərov  Prezident İlham Əliyevin 2025-ci il ərzində həyata keçirdiyi dövlət siyasəti, strateji islahatları və ölkənin qarşısında duran yeni  hədəfləri haqqında danışıb,  onun rəhbərliyi altında dövlətimizin daha da güclü, qüdrətli və beynəlxalq arenada söz sahibi olduğunu deyib,  xüsusi diqqət və qayğısı ilə Lənkəran rayonunun da günü-gündən inkişaf etdiyini, sosial-iqtisadi layihələrin uğurla yerinə yetirməsini, rayonun gələcək işləri ilə bağlı prioritet istiqamətləri qeyd ediblər.

Hesabat yığıncağının iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib və müraciətin mətni iştirakçıların diqqətinə çatdırılıb.  Sonda  rayonun 2026-cı ildə qarşıda duran vəzifələr üzrə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin  üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью