Lənkəranda polis günü FOTO

02.07.2026

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Respublikamızın hər yerində olduğu kimi, cənub mirvarisi Lənkəranda da Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü və peşə bayramı böyük qürurla qeyd olunub. Tədbirə qatılanlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüb, ona olan hörmət və ehtiramlarını ifadə ediblər.
Tədbirin rəsmi hissəsi daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə təbrik məktubunun oxunması ilə başlanıb. Ardınca Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasında keçirilən rəsmi tədbirdə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin rəisi Azər Cahangirov rəhbərlik etdiyi şəxsi heyəti təbrik edib, onlara xidməti fəaliyyətlərində uğurlar və can sağlığı arzulayıb. Polis orqanının yarandığı ilk gündən etibarən bütün tarixi dövrlərdə dövlətin milli maraqlarının müdafiəsində böyük vətənpərvərlik göstərdiyini deyən polis rəisi onu da bildirib ki, daxili işlər orqanlarının əməkdaşları ictimai asayişin və təhlükəsizliyin təmin olunmasına, qanunvericliklə müəyyənləşdirilmiş digər vəzifələrin layiqincə yerinə yetirilməsinə tam qadirdir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov çıxış edərək deyib:- Ulu Öndər Heydər Əliyevin polis orqanlarına hər zaman xüsusi diqqət və qayğı göstərib, onların fəaliyyətini yüksək qiymətləndirib , polis peşəsini böyük cəsarət, mətanət, bilik, peşəkarlıq və yüksək mənəvi keyfiyyətlər tələb edən şərəfli xidmət kimi dəyərləndirib. Məhz Ümummilli Liderin rəhbərliyi dövründə daxili işlər orqanların təşkilati cəhətdən gücləndirilməsi, peşəkar kadrların hazırlanması və qanunçuluğun möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Natiq çıxışının davamında bildirib ki, bu gün Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində daxili işlər orqanları davamlı şəkildə müasirləşir, maddi-texniki bazası gücləndirilir, beynəlxalq standartlara uyğun inkişaf edir. Azərbaycan Polisi cinayətkarlığa, o cümlədən transmilli mütəşəkkil cinayətkarlığa qarşı qətiyyətlə mübarizə apararaq ölkəmizdə sabitliyin və təhlükəsizliyin etibarlı təminatçısı kimi fəaliyyətini uğurla davam etdirir. Sevindirici haldır ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət siyasəti nəticəsində daxili işlər orqanlarımız müasir dövrün tələblərinə cavab verən, çevik, peşəkar və Vətənə sədaqətli dövlət təsisatına çevrilib.
Taleh Qaraşov ŞİH kollektivi adından daxili işlər orqanlarının əməkdaşlarını təbrik edib, onlara can sağlığı və asayişin qorunması, dövlətçiliyin möhkəmlənməsi kimi xidməti vəzifələrinin icrasında uğurlar arzulayıb.
Daha sonra polisin yaranmasının 108-ci illiyi ilə bağlı Lənkəran rayon polis işçiləri Veteranlar Şurasının sədri Bəxtiyar Vəliyev və yazıçı, publisist Bəxtiyar Hüseynov çıxış ediblər, polisin fəaliyyətinə dair video-rolik göstərilib. Həmçinin Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin şəxsi heyətinin bir qrup üzvü daxili işlər naziri Vilayət Eyvazovun, Lənkəran ŞİH başçısı Taleh Qaraşovun və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin rəisi Azər Cahangirovun sərəncamları ilə fəxri fərmanlar, təşəkkürnamə və pul mükafatları ilə təltif olunublar.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью