Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Lənkəran, 8 dekabr, İlkin Adıyev, AZƏRTAC
Lənkəranın Sütəmurdov kəndi ərazisində yerləşən dəmir yolu körpüsünün təmirə ehtiyacı var. Bu körpü Bakı–Astara dəmir yolu xəttinin üzərində yerləşir və hər gün qatarların həm Şimal, həm də Cənub istiqamətində hərəkətini təmin edən keçid nöqtəsi kimi fəaliyyət göstərir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tarixi mənbələrə görə, körpü ötən əsrin 40-cı illərində – II Dünya müharibəsindən sonrakı dövrdə inşa edilib və o vaxtdan etibarən intensiv şəkildə istismarda olub.
Sakinlərin sözlərinə görə, son illər bölgədə yağıntıların artması, çayın səviyyəsinin dəyişməsi və torpaq yumşalması kimi təbii amillər də körpünün vəziyyətinin daha da pisləşməsinə təsir göstərib. Müşahidələrimiz zamanı sakinlərin körpüdən həm də keçid kimi istifadə etdikləri məlum oldu.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, sözügedən körpü yalnız qatarların hərəkəti üçün nəzərdə tutulub və oradan piyadaların keçidi qadağandır:
“Lənkəran rayonu Sütəmurdov kəndi ərazisində yerləşən dərmiryol körpüsü piyadaların keçidi üçün deyil, qatarların hərəkəti üçün nəzərdə tutulub. Bu körpüdən piyadaların keçməsi qadağandır. Dəmir yollarının xüsusi təhlükəli zona olduğunu nəzərə alsaq, bu cür qanunsuz hərəkət, ilk növbədə, piyadaların həyatı üçün təhlükə yaradır. Müvafiq qaydalara və qanunvericiliyin tələblərinə əsasən, dəmir yollarını yalnız müəyyən edilmiş yerlərdən keçmək lazımdır”.
Körpünün əsaslı təmirinə gəldikdə, hazırda yenidənqurma layihəsi çərçivəsində sözügedən körpünün də əsaslı təmiri və ya tam şəkildə bərpa olunması nəzərdə tutulub.
“O ki qaldı, cənub istiqamətində dəmir yollarının bərpasına, Ələt–Osmanlı–Astara dəmir yolu xəttinin yenidən qurulması işlərinə 2024-cü ildən başlanılıb, işlərin 2028-ci ildə başa çatdırılması nəzərdə tutulur”, - deyə “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatda qeyd olunub.
-1 / 5