Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Lerik rayonu füsunkar təbiəti, zümrüd meşələri ilə adı dillər əzbəri olan regionlarımızdandır.
Qədim dövrlərdən başlayaraq bu günə kimi bura səyahətə gələnlər Lerik meşələrinin gözəlliyinə heyran qalaraq onu vəsf etmişlər.
“Mühit” Ekoloji Mühafizə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “COP29: Yaşıl Gələcək Naminə Meşələri Qoruyaq” layihəsinin fəaliyyət proqramına uyğun olaraq Lerik rayonunda tədbir keçirmişdir.
Birliyin sədri Əzizağa Hünbətəliyev layihənin mahiyyəti və əhəmiyyəti haqqında məlumat verərək, meşələrin qorunmasının həyati vacibliyini vurğuladı və bu işdə ictimai dəstəyin əvəzsiz rol oynadığını qeyd etdi.
O, ötən ilin noyabr ayında ölkəmizdə keçirilən COP29 sessiyasının bütün dünyada müsbət qarşılandığını bildirərək, Bakıda keçirilmiş konfransın gündəliyini və ölkəmizin bu məqsədlə üzərinə götürdüyü ekoloji öhdəlikləri iştirakçıların diqqətinə çatdırdı.
Tədbirdə iştirak edən Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin Mülki Müdafiəyə Hazırlıq Şöbəsinin rəis müavini Ramil Məcidov yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə zəruri tədbirlər və belə məqamlarda davranış qaydalarından danışdı.
Adı çəkilən Nazirliyin maarifləndirmə sektorunun baş məsləhətçisi Qadir Kazımov meşə ərazisində fövqəladə hallar zamanı sistemli yanaşma və qabaqlayıcı tədbirlərin əhəmiyyətini vurğuladı.