Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Ötən gün Lerikdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində rayonda həyata keçirilən tədbirlərin vəziyyətinə yerində baxış keçirilib.
“Qafqazinfo” xəbər verir ki, görüşdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi İzzət Talıbov, Lerik Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Cahani Nüsrətzadə və Lerik Rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Rafət Həmidov iştirak edib.
Səfər çərçivəsində Piran kəndində fəaliyyət göstərən quşçuluq müəssisələrinin, Bilnə kəndində balıqçılıq və heyvandarlıq təsərrüfatlarının, Hiveri kəndində intensiv meyvə bağının, Tatoni kəndində çiyələk təsərrüfatının, Brkandul kəndində xırdabuynuzlu heyvandarlıq təsərrüfatının, eləcə də Nüvədi kəndində Dövlət Proqramı çərçivəsində təşəbbüsə yeni qoşulmuş fermer tərəfindən yaradılan xırdabuynuzlu heyvandarlıq təsərrüfatının fəaliyyəti ilə tanış olunub.
Tanışlıq zamanı təsərrüfatların mövcud vəziyyəti, istehsal potensialı, əldə olunan nəticələr və gələcək inkişaf perspektivləri barədə məlumat verilib. Aqrar sahədə müasir texnologiyaların və innovativ istehsal üsullarının tətbiqi, məhsuldarlığın artırılması, istehsal və emal imkanlarının genişləndirilməsi, fermerlərin fəaliyyətinin stimullaşdırılması və rayonun kənd təsərrüfatı potensialından səmərəli istifadə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, Dövlət Proqramının icrasına başlanıldığı qısa müddət ərzində Lerik rayonunda müxtəlif istiqamətlər üzrə yeni təsərrüfatların yaradılması, mövcud istehsal sahələrinin genişləndirilməsi və kənd təsərrüfatı məhsullarının istehsalına marağın artırılması istiqamətində mühüm addımlar atılıb. Bu sahədə həyata keçirilən tədbirlər müsbət qiymətləndirilib, fermer və sahibkarlara fəaliyyətlərinin genişləndirilməsi, istehsalın səmərəliliyinin artırılması və Dövlət Proqramının yaratdığı imkanlardan maksimum yararlanmaqla bağlı müvafiq tövsiyələr verilib.
Görüşlər zamanı fermer və sahibkarların aqrar sahədə qarşılaşdıqları çətinliklər və onların aradan qaldırılması yolları da müzakirə edilib. Mövcud problemlərin həlli, təsərrüfatların inkişafına dəstək göstərilməsi və fəaliyyətlərinin genişləndirilməsi məqsədilə aidiyyəti qurumlar qarşısında müvafiq məsələlərin qaldırılacağı bildirilib.