Lerikli fermerin arzuları

26.08.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Lerikdə bağçılıq-bostançlıqdan söz düşəndə, ilk növbədə, Zuvand torpağında yetişdirilən bir-birindən tamlı, dadlı, ekoloji cəhətdən təmiz, keyfiyyətli nemətlər yada düşür. Əlçatmaz dağların, sıldırım qayaların ovcunda yerləşən bu füsunkar, əzəmətli diyar dəniz səviyyəsindən 1500-1800 metr yüksəklikdədir. Çətin, mürəkkəb relyefə, sərt iqlim xüsusiyyətlərinə malikdir. Yayı mülayim quru, qışı soyuq keçir. Bu yerlərdə yayın ən isti, qızmar dövründə temperatur 15-20 dərəcədən çox olmur.

Nadir təbiəti, münbit torpaqları ilə seçilən Zuvand əsrlər boyu xarici səyyahların, görkəmli alimlərin, aqrar sahədə çalışan mütəxəssislərin diqqətini cəlb edib. Keçmiş sovet dönəmində dünyaşöhrətli torpaqşünas alim, akademik Həsən Əliyev Zuvandın torpaq örtüyünü və xüsusiyyətlərini elmi əsaslarla tədqiq edib. Akademikin tövsiyəsi və məsləhətləri əsasında 1970-ci illərin ortalarında ilk dəfə Zərinqala kəndində 10 hektar sahədə badam bağları salınıb.

Sonralar Qosmalian, Yuxarı Anburdərə və digər kəndlərdə də badam ağacları əkilib. Təbiət vurğunu olan alim dəfələrlə Zuvanda gələrək alma, gilas, ərik, badam bağlarını gəzib, meyvəçiliyin vəziyyəti, inkişafı ilə yaxından maraqlanıb.

Akademik İmam Mustafayev Zuvandda əkilən taxıl sortlarını öyrənib, dağ yamaclarında becərilən çovdarın yüksək məhsuldarlığa malik olduğunu, unundan bişirilən çörəyin ətri, dadı və keyfiyyəti barədə yazılarında söhbət açıb. Görkəmli bioloq alimlərdən professor Mirəli Axundov və Qara Mustafayev uzun illər bu yerlərin nadir bitki və heyvanlar aləminin tədqiqi ilə məşğul olub.

Dağlarda meyvə bağları

Əslən Zuvandın Təlbəyəq kəndindən olan istedadlı qələm sahibi, respublikamızın əməkdar jurnalisti Həmzə Vəliməmmədov gözəlliklər diyarı Zuvandı övlad məhəbbəti ilə vəsf edib. Lerik haqqında bir neçə dəyərli tarixi, ensiklopedik kitabların, çoxlu publisistik məqalələrin müəllifi kimi hörmət, nüfuz qazanıb. Bu əfsanəvi yurdun çağlayan buz bulaqlarının, gur axan çaylarının, bol sulu arxlarının, meyvəli bağlarının zövq oxşadığını, dadlı meyvələri, keyfiyyətli kartofu, tərəvəzi ilə təkcə cənub bölgəsində deyil, ölkəmizin əksər guşələrində tanındığını oxuculara çatdırıb.

Lerik brendi adını qazanmış alma, pomidor, kartof respublikamızın bazarlarında alıcı rəğbətini qazanıb. Sevindirici haldır ki, mərhum həmkarımızın oğlu 56 yaşlı Tələt Vəliməmmədov Bakıda iş-gücünü, ev-eşiyini qoyub Zuvanda-ata-baba yurduna qayıdıb. Halallığı, zəhmətsevərliyi ilə el-obada hörmət, ad-san qazanıb. Artıq 15 ildir ki, Kələxan, Tatoni və Hiveri kəndlərində əkinçilik, bağçılıqla məşğul olur.

Qızmar yayın göydən od ələyən, isti günlərindən biridir. Hiveri dağlardan əsən sərin meh havanın temperaturunu, yayın istiliyini unutdurur. Tələt Vəliməmmədov doğma kənddə zəhmətlə, alın tərilə ərsəyə gətirdiyi intensiv meyvə bağı ilə bizi şövqlə, böyük həvəslə tanış edir. Hər ağacın yanında ayaq saxlayıb əli ilə meyvəsini oxşayır, günəşdən yanmış üzünə xoş təbəssüm qonur. Gördüyünüz bu nümunəvi alma bağı Avropa İttifaqının maliyyə dəstəyi ilə salınıb,-deyir. Əsasən “gala”, “pınk lady”, “starkrımson”, “golden delicious” kimi dünya brendi qazanmış məşhur alma sortlarıdır.

Ölkəmizin digər bölgələrində də bu cür bağlar salınıb. Amma Zuvandda yetişdirilən almanın, digər meyvələrin dadını, tamını, ləzzətini heç biri vermir. Bu yerlərdə ilin təxminən, 300 günü hava günəşli olur, yağıntı az düşür, torpaq daha bərəkətli, məhsuldardır. Nə əksən ekoloji təmizliyi, keyfiyyəti ilə üz ağardır. Zuvand torpağı barını əsirgəmir, əkinçini heç vaxt naümid qoymur.

Dədə-baba bağların hər hektarından 10-15 ton alma yığılırsa, intensiv üsulla salınmış bağdan 80 ton məhsul götürmək olur. Onu da deyim ki, intensiv bağda ağacların sayı da çoxdur, hektarda 2400 ağac əkilir. Suvarma da müasir qaydada, damcı üsulu ilə aparılır. Gələn ildən ağaclar tam bara düşəcək, 10 tondan çox məhsulumuz olacaq,-deyir.

Bu ağacı isə qonşu Mistan kəndindən gətirmişəm,-deyə Tələt söhbətini davam etdirir. Qədim, ata-baba sortudur, vaxtilə İrandan gətirilib. Əsil qızıləhməddir, yetişəndə içi qan rəngində olur. Bu ağacı budaqları vasitəsilə çoxaltmışam. Bağçılıqla məşğul olanlara da hədiyyə verirəm,-deyir.

Tələt həvəskar bağban olsa da, qabaqcıl təcrübəyə, yeniliyə can atır. Bizi Lerikdə ilk dəfə yetişdirilən batat adlı təzə meyvə ilə tanış edir. Yerkökünü xatırladır, ona Çin kartofu da deyirlər. İstiliyi sevir, artıq Zuvandın iqliminə uyğunlaşıb. Bakıda marketlərdə qiyməti çox bahadır. Müalicəvi əhəmiyyətə malikdir. Diabet xəstələri ondan istifadə edirlər. Asiyada geniş yayılıb, bəzi ölkələrdə hətta kartofu sıxışdırıb çıxarıb. Tələt sadə üsulla onu artırıb.

Batatın budağını kəsib saçaqlı kök almaqla çoxaldıb. Deyir ki, klassik üsulla yanaşı, indi klonlaşdırılmış, yaxud “ağıllı köklər” vasitəsilə tinglər hazırlayaraq intensiv bağlar salınır.

Ərazisi 1,5 hektar olan bağın digər hissəsində sıra ilə armud, nektar, göyəm ağacları əkillib. Burada aqrotexniki qaydalara ciddi əməl olunur.

Bağın yuxarısında kiçik göl yaradıb, ağaclar damcı üsulu ilə suvarılır. Fermer deyir ki, bu dağlarda meyvəçilik daha sərfəlidir. Aşağıda 0,3 hektar gilas bağı var. Mövsüm ərzində 1 tondan çox meyvə yığılıb.

Göyəm ağacları da yaxşı bar gətirib. Məhsulun ağırlığından ağacların budaqları əyilib. Meyvəsinə bazarda böyük alıcı tələbatı vardır. Göyəmdən hazırlanan kompot, turşu, döyməcə və digər məhsullar süfrələrimizi bəzəyir.

Tələt bağın bir qarışını da boş qoymayıb, cərgələrarası İtaliya sortlu pomidor əkib. Moldaviyanın tezyetişən üzüm sortundan tinglər yetişdirib, əkdiyi üzüm ağacları sentyabr ayında məhsul verəcək.

Daha bir yenilik

Tatoni kəndi dəniz səviyyəsindən 1500-1700 metr yüksəkdə yerləşir.

Dağların ətəyi boyunca kəndin qumsal, məhsuldar və bərəkətli torpaqları uzanır. Həvəskar bağban rayonun əkinçilik tarixində ilk dəfə olaraq qohumu Oqtay Rəhimovla 1 hektar sahədə çiyələk yetişdirib. Sıra ilə düzülmüş çiyələk kolları bu yerlərə xüsusi gözəllik verir.

Keçən ilin oktyabrında əkilmiş 60 min İtaliyanın murano sortlu şitillərinə yüksək aqrotexniki qulluq göstərilir. Plantasiya damcı üsulu ilə suvarılır. Keçən ay ilk nübar məhsul dərilib. Kolun biri 500-800 qram məhsul verir. Qızarmış, yetişmiş çiyələk iki gündən bir yığılır. İndiyə kimi ekoloji cəhətdən təmiz, yüksək keyfiyyətli, rəqabətqabiliyyətli 5 ton məhsul paytaxt bazarlarına göndərilib. Məhsul yerdə qalmır, kiloqramını 4 manata yerindəcə gəlib alırlar.

Yığım zamanı Hiveri, Tatoni və qonşu kəndlərdən 20 nəfər mövsümü işlərə cəlb olunur. Tatoni kənd sakini Zərifə xanım çiyələk sahəsində işlədiyini, sahibkar tərəfindən fəhlələrin zəhmətinin layiqincə qiymətləndirildiyini bildirir.

Müsahibim deyir ki, bu torpaqda yetişən çiyələyin keyfiyyətinə söz yoxdur.

Məhsul 4-5 gün qalsa da keyfiyyətini itirmir, xarab olmur. Kollarda məhsul çoxdur, qış aylarına kimi yığım davam edəcək. Məhsulun gələcəkdə Rusiya bazarlarına da çıxarılması nəzərdə tutulub.

Çiyələkçilik gəlirli sahədir. Sahibkar daha 1 hektar sahədə şum aparıb, çəltik plantasiyasını genişləndirməyi qərara alıb. Lakin çətinlikləri də az deyil. İlk növbədə, elektrik enerjisinə, suvarma suyuna, soyuducu anbarların tiklməsinə ehtiyac var.

Çiyələk sahəsində rayonun nüfuzlu ziyalılarından, sayılıb-seçilən ağsaqqallarından olan Əvəz Mirzəyevlə görüşürük. Tələtin xoş sorağını eşidərək xeyir-dua verməyə gəlib. Buranın daşı, kəsəyi də bar verir,-deyə söhbətə başlayır. Açıq deyək, Tələt kimi zəhmətə qatlaşanlar, çiynini ağır yükün altına verənlər azdır. Çox şükür ki, əməyi öz bəhrəsini verib.

Ağsaqqalın nəvəsi Əli Rəhimzadə Bakıda yaşayır. Yasamal rayonundakı 286 saylı tam orta ümumtəhsil məktəbinin X sinif şagirdidir.

Yay tətilini dağların qoyununda keçirməsindən, çiyələk sahəsində işləməsindən qürurla danışır.

Qeyd edək ki, sahibkar kartofçuluq və tərəvəzçiliklə də məşğul olur.

Çiyələk sahəsinin yanında 2 hektar sahədə pomidor və kartof, Kələxan kədnində 3 hektar sahədə pomidor yetişdirib. Sahələrdən bol məhsul gözlənilir.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı Vasif Qafarov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov sahibkarın çiyələk, kartof və pomidor sahələrinə baxış keçirib. Fermer çiyələyin becərilməsi, məhsul istehsalının artırılması, aqrotexniki tədbirlər, məhsulun yığımı, qablaşdırma, daşıma barədə məlumat verib. O qeyd edib ki, bu sahənin inkişafı ilboyu kənd sakinlərinin məşğulluğun təmin olunmasına, fermerlərin gəlirlərinin artmasına müsbət təsir göstərir. Görüşdə sahibkarın qayğı və çətinliklərin həllinə lazımi köməklik göstəriləcəyi bildirilib.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью