Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Levante” La Liqanın altıncı turunda “Atletik”lə keçirilməli olan matçın güclü yağış səbəbindən təxirə salınmasından sonra La Liqanın prezidenti Xavyer Tebasa müraciət edib.
İdman.Biz xəbər verir ki, Valensiya klubunun rəsmi saytında yayılan məlumatda “Syudad de Valensiya” stadionunun meydançası, tribunaları və oyunqabağı otaqlarının su altında qaldığı bildirilib.
“Levante” azarkeşlərin hadisə zamanı davranışını yüksək qiymətləndirib və meteoroloji xəbərdarlıqlar zamanı oyunların keçirilməsi qrafiki ilə mövcud protokolların yenidən nəzərdən keçirilməsini istəyib. Klub həmçinin matçın ləğvi barədə azarkeşlərin qarşılaşmanın planlaşdırılan başlama vaxtına qədər məlumatlandırılmaması məsələsinin də nəzərdən keçirilməsini xahiş edib.
Klubun baş direktoru Xose Danvila bu məsələ ilə bağlı Tebasa məktub göndərib.
“Levante” matçın yeni tarixinin müəyyənləşdirilməsi istiqamətində La Liqa ilə birlikdə çalışdığını açıqlayıb. Qarşılaşmanın oktyabrın 21-də keçirilməsi planlaşdırılır.
Klub həmçinin abonement sahiblərinin loyallıq göstəricilərinə təsir olmayacağını bildirib. Yeni tarixdə iştirak edə bilməyəcək abonement sahiblərinə də cərimə tətbiq edilmədən öz yerlərini boşaltmaq imkanı veriləcək.
Biletlərin pulunun geri qaytarılması ödəniş üsuluna uyğun olaraq avtomatik həyata keçiriləcək. Vəsaitin 2-10 iş günü ərzində hesaba köçürüləcəyi bildirilib.
“Levante” “Atletik”ə və Bilbaodan gələn azarkeşlərə də göstərdikləri anlayış və davranışlarına görə təşəkkür edib.