“Lex”də işləyəndə “Qarabağ”la qarşılaşmışdım” “Tvente”nin baş məşqçisi

19.08.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Lex”də işləyəndə “Qarabağ”la qarşılaşmışdım” - “Tvente”nin baş məşqçisi

“Tvente” UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la ilk oyun öncəsi mətbuat konfransı keçirib.

QOL.az klubun saytına istinadən xəbər verir ki, Niderland klubunun baş məşqçisi Con van den Brom oyunla bağlı fikirlərini bölüşüb. O, “Qarabağ”la hər iki qarşılaşmanı final adlandırıb:

“Bizi “Qarabağ”la iki final gözləyir. “Qarabağ” “Tvente” üçün yad rəqib deyil. Mən də əvvəllər bu Azərbaycan klubu ilə qarşılaşmışam. Həmin vaxt “Lex”in baş məşqçisi idim və bu, təsnifat mərhələsində olmuşdu.

“Qarabağ” son illərdə Konfrans Liqasından daha yüksək səviyyəli turnirlərdə çıxış edib. Bu, onların keyfiyyəti haqqında kifayət qədər məlumat verir. Komandada çoxlu fərdi keyfiyyətlərə malik futbolçular var və indi də belədir. Buna qarşı diqqətli olmalıyıq.

“Qarabağ” Cənubi Avropa və Cənubi Amerika futbolunun təsirlərinin hiss olunduğu komandadır və onların oyununda da bunu görmək mümkündür. Onlar daha çox topa sahib olmaq üzərində düşünürlər.

Düşünürəm ki, bizim mütləq şansımız var. Sevdiyimiz və istədiyimiz oyunu göstərməliyik. Dominant olmaq, topa sahib olmaq və azarkeşlərimizin dəstəyi ilə rəqibi geri çəkilməyə məcbur etmək istəyirik. Bunu bacarsaq, gələn həftə keçiriləcək cavab oyunu öncəsi özümüz üçün çox yaxşı üstünlük yarada bilərik.

Maksimum nəticəyə nail olmaq üçün azarkeşlərimizə də ehtiyacımız var. Ev oyunlarında dəfələrlə etdikləri kimi, onlar bizə son təkanı verə bilərlər”.

Van den Brom “Qarabağ”la qarşılaşmada ötən bazar “PEK Zvolle” ilə matçda sərəncamında olan eyni heyətdən istifadə edə biləcək. Yeni transfer Filip Torvaldsen də iştirak ərizəsində yer alıb. O, “PEK Zvolle” ilə görüşdə “Tvente”də debüt edib.

Baş məşqçi yeni futbolçusu barədə də danışıb:

“Filip yüksək fərdi keyfiyyətlərə malik futbolçudur. Rəqibi təkbətək keçmək bacarığı var, sürətli oynayır və daim qapını düşünür. Bazar günü gördük ki, qorxmayan bir gəncdir. Sadəcə öz oyununu oynayır və cəsarətlidir. Mən belə futbolçuları sevirəm. Filip heyətimiz üçün çox yaxşı əlavədir”.

Qeyd edək ki, “Tvente” - “Qarabağ” matçı sabah Enshededəki “De Qrolş Veste” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью