Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, “The Guardian” qəzetinin yaydığı məlumata görə, səhiyyə naziri Ues Stritinqin müttəfiqləri onun yaxın həftələrdə partiya lideri və baş nazir Keir Starmerə qarşı namizədliyini irəli sürə biləcəyini istisna etmirlər.
Nəşrin yazdığına görə, Stritinqə yaxın deputatlar bildirirlər ki, mümkün addım ayın sonunda keçiriləcək Gorton və Denton dairələri üzrə aralıq seçkidən sonra atıla bilər. Onların fikrincə, ən gec may ayında baş tutacaq yerli seçkilərdən dərhal sonra qərar verilməlidir.
Mənbələrdən biri bildirib ki, son günlər nümayiş etdirilən birlik görüntüsünə baxmayaraq, partiya daxilində vəziyyət dəyişməyib və Starmer əvvəlkindən daha güclü mövqedə deyil. Digər deputat isə gecikmənin partiya üçün siyasi zəifləmə riski yarada biləcəyini deyib.
Bununla belə, Stritinqin sözçüsü iddiaları “qətiyyən doğru deyil” deyə dəyərləndirib və nazirlərin baş nazirə tam dəstək verdiyini bəyan edib. Stritinq özü də BBC-yə açıqlamasında Starmeri dəstəklədiyini və onun ölkəni ciddi çağırışlar dövründə idarə etdiyini vurğulayıb.
Çərşənbə axşamı Starmer Nazirlər Kabinetinin iclasına sədrlik edib. İclasda rəhbərliyin fəaliyyəti ilə bağlı açıq müzakirə aparıldığı bildirilir. Mənbələrin sözlərinə görə, baş nazirin vəzifədə qalması dəstəklənsə də, Baş nazirlik ofisində idarəetmə üslubunun dəyişdirilməsi zəruri hesab olunur.
Siyasi müşahidəçilər hesab edirlər ki, Starmerin gələcək taleyi həm aralıq seçkilərin, həm də may ayında keçiriləcək yerli seçkilərin nəticələrindən asılı olacaq. Zəif nəticə partiya daxilində liderlik yarışını sürətləndirə bilər.
Qadir, Bizimyol.info