Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 4 fevral, AZƏRTAC
Fevralın 5-də görkəmli bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, ictimai xadim, akademik Qara Qarayevin anadan olmasının 108-ci ili tamam olur. Qara Qarayevin zəngin yaradıcılığı və bizə miras qoyduğu irs haqqında həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda çoxsaylı elmi və publisistik tədqiqatlar aparılıb və bu proses bu gün də davam edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova bildirib.
O qeyd edib ki, Qara Qarayev cəmi 64 il ömür sürməsinə baxmayaraq, Azərbaycan musiqi mədəniyyətini yeni zirvəyə yüksəltməyə nail olub. Onun çoxşaxəli yaradıcılığı XX əsr musiqi mədəniyyəti xəzinəsinə mühüm töhfələr verib və Azərbaycan bəstəkarlıq məktəbinin formalaşmasında həlledici rol oynayıb. Qara Qarayev milli melodik təfəkkürün xüsusiyyətlərini dərindən mənimsəyərək Azərbaycan musiqisinin yeni ifadə vasitələrini yaradıb. Bu barədə müəllimi Dmitri Şostakoviçin söylədiyi fikirlər də səciyyəvidir: “Qara Qarayev ənənəliyi və müstəqil yaradıcılığı mümkün olduqca daha rəngarəng, daha maraqlı, daha üzvi surətdə birləşdirməyə cəsarətlə, ürəklə cəhd edərək, öz yaradıcılıq palitrasını hər vasitə ilə genişləndirir, o, “qəbul olunmuş” xəlqilik çərçivəsindən çıxmağa qorxmur, xəlqilik anlayışını genişləndirir”.
Leyla Zöhrabova vurğulayıb ki, bəstəkarın üslubu orijinal musiqi dili, zəngin harmoniyası, mürəkkəb orkestr səslənməsi və dərin fəlsəfi məzmunu ilə seçilir. Onun yaradıcılığının mühüm istiqamətlərindən biri də pedaqoji fəaliyyətidir. Qara Qarayev məktəbinin yetirmələrinin əsərləri nəinki ölkəmizdə, həmçinin ölkəmizdən kənarda, səslənir və tamaşaya qoyulur. O, onilliklər ərzində təxminən 70 professional bəstəkar yetişdirərək Azərbaycan musiqi mədəniyyətinə yeni nəfəs gətirib. Rauf Hacıyev, Arif Məlikov, Vasif Adıgözəlov, Polad Bülbüloğlu, Firəngiz Əlizadə və digər tanınmış sənətkarlar bu məktəbin yetirmələridir. Hər biri yazı üslubuna görə fərdi və özünəməxsusdur. Lakin onlar böyük müəlliminin estetik prinsiplərinə sadiq qalaraq onun qoyduğu ənənələri davam etdirirlər.
“Tələbələri arasında dünyaşöhrəti qazanmış, UNESCO-nun “Sülh artisti”, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə müəllimi haqqında onun 80 illiyinə həsr olunmuş, Azərbaycan və rus dillərində nəşr edilən eyniadlı “Qara Qarayev” kitabının (1997) müəllifidir. Qara Qarayev haqqında digər tələbəsi, bəstəkar-musiqişünas Nərgiz Şəfiyeva da “Qara Qarayev. Tələbələrinin xatirəsində” (2014) adlı kitabı nəşr etdirib. Qara Qarayev hər bir tələbəsinin uğuruna böyük sevinc və diqqətlə yanaşır, onları yüksək qiymətləndirirdi. 1970-ci illərin ortalarında Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən konsert zamanı Firəngiz Əlizadənin fortepiano üçün sonatasının ifası ilə bağlı yaşanan tarixi an buna parlaq nümunədir. Sonatanı müəllifin özünün ifa etməsindən sonra Qara müəllim səhnəyə yaxınlaşaraq sevinclə söyləyib: “Budur müasir musiqi.” Bu sözlərlə o, tələbəsinin gələcək yaradıcılıq yolunun parlaq olacağını öncədən hiss etdiyini və müasir musiqinin yeni üfüqlərini duyduğunu nümayiş etdirib”, - deyə L. Zöhrabova qeyd edib.
Onun sözlərinə görə, Qara Qarayevin xatirəsi bu gün də Azərbaycan Bəstəkarlar İttifaqında ehtiramla anılır. Son illərdə onun yubileyləri münasibətilə konsertlər, elmi konfranslar, xatirə gecələri keçirilib, yeni tədqiqat əsərləri nəşr olunub.
Firəngiz Əlizadənin “Qara Qarayev” kitabında yer alan sitatda deyilir: “Bəstəkar Qara Qarayev elə bir mənəvi sərvət yaratmışdır ki, bu onun adını əbədi olaraq ölməz etmişdir. Vicdan və vəzifə borcunu yerinə yetirən zəhmətkeş Q.Qarayev bütün ömrü boyu xeyirxah əməllər sahibi olmuşdur. O, gələcəyə böyük ümidlə baxaraq onun təməlini qoyurdu: yorulmaq bilmədən yaradır, işləyir, öyrədir və tərbiyə edirdi ki, bu dünyanı tərk edəndə hər şeyi insanlara – öz şagirdləri və ardıcıllarına, həmkarları və dostlarına – bir sözlə öz xalqına bəxş edib getsin”.