Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Məlum olduğu kimi, bir neçə gün əvvəl ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi və leysan xarakterli intensiv yağışlar nəticəsində çoxsaylı sığorta hadisələri qeydə alınıb.
Təbiət hadisələri nəticəsində sığortalanmış avtonəqliyyat vasitələrinə, o cümlədən daşınar və daşınmaz əmlaklara zərər dəyib.
Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyası məlumat yayıb.
Məlumatda bildirilir: “Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq yerli sığorta bazarı iştirakçılarından aldığımız bu günə olan son dəqiq məlumatlara görə, baş vermiş hadisələrlə bağlı 8 sığorta şirkətinə, ümumilikdə, 769 müraciət daxil olub.
Həmin müraciətlərin 512-si “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, 157-si “Daşınmaz əmlakın icbari sığortası” növü, 77-si “Kasko” sığorta növü, 21-i “Əmlakın yanğından və digər risklərdən sığortası” növü üzrə baş vermiş hadisələrlə əlaqədar olub.
Bundan əlavə, “Fərdi qəza sığortası” və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növlərinin hər biri üzrə isə 1 hadisə qeydə alınıb”.
294 hadisə üzrə ehtimal olunan zərər məbləği 241 min 30 manat həcmində müəyyən olunub.