Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub. Lider “Sabah” növbəti qələbəsini qazanıb, ikinci “Qarabağ” “Turan Tovuz”dan üstün olub.
“Neftçi” bu turda “Araz-Naxçıvan” səfərindən darmadağınla dönüb, “Şamaxı” “Kəpəz”ə, “Sumqayıt” isə “Karvan-Yevlax”a qalib gəlib. “Qəbələ” “İmişli”ni məğlub edib.
Karvan-Yevlax – Sumqayıt 0:2
Turun ilk matçında autsayder yenə xalsız qaldı. Yevlaxı təmsil edən “Karvan-Yevlax” uzun müddətdir, qələbəyə həsrət qalıb. Elitanı tərk etməyə əsas namizəd olan bölgə klubunun oyun planında çatışmazlıqları var. Son zərbələrdə uğursuzluq yaşayan “Karvan-Yevlax” müdafiədəki səhvləri də başqa problemdir. Gedişat yaxşı görünmür.
“Sumqayıt” isə avrokubok zonasında qalmaq yolunda mühüm qələbə qazandı. “Zirə”nin xal itirdiyi turda bu qələbə “kimyaçılar” üçün xüsusi önəm daşımış oldu. Saşa İliçin komandası hücumda yaxşı təsir bağışlasa da, bəzən yarımmüdafiə xəttindəki ötürmə səhvləri komandanın qapısı qarşısında təhlükəyə səbəb olur. “Kimyaçılar” bu problemi də yoluna qoysa, avrokuboklar zonasında qala bilər.
Qəbələ – İmişli 3:2
İkinci dövrənin ən yaxşı komandalarından biri “Qəbələ”dir. Kaxaber Sxadadzenin yetirmələri ardıcıl ikinci matçında qələbə qazanaraq, autsayderlər bölgəsindən uzaqlaşa bildi. Sonuncu sıradakı “Karvan-Yevlax”ı 8 xal qabaqlayan “qırmızı-qaralar” liqada qalmaq yolunda inamla irəliləyir. Hücumda realizasiya problemini həll etdiyi görünən bölgə klubu artıq iki oyuna yeddi qol vurmağı bacarıb.
“İmişli” isə eniş yaşayır. Qəbələ səfərində ikinci hissədə daha gümrah oyun göstərən bölgə klubu son dəqiqələrdə müdafiədəki boşluğa görə cəzalandı. “Qəbələ”nin qələbəsi tərəflər arasındakı xal fərqini 4-ə endirdi. “İmişli” gedişatı dəyişməlidir, yoxsa komanda təhlükəli zonaya düşə bilər.
Kəpəz – Şamaxı 0:2
Ötən turda “Qarabağ” səfərindən üç xalla dönən “Kəpəz” “şirlər”lə bacarmadı. Yevlaxda baş tutan matçda ilk hissədə buraxdığı qollarla xalsız qalan gəncəlilər autsayder “Karvan-Yevlax”ın uduzduğu turda yaxşı fürsəti boşa verdi.
“Şamaxı” isə “Qəbələ”yə 0:4 hesablı ağır məğlubiyyətdən sonra toparlanmağı bacardı. İki qol vuran və daha artığını vurmaqçün imkanları olan “şirlər” mövqeyini möhkəmləndirdi.
Zirə – Sabah 1:3
Lider “Sabah” çətin səfərdən inamlı qələbə ilə döndü. “Qarabağ”la 4 xallıq fərqi qoruyan “bayquşlar” çempionluq yolunda irəliləməkdədir. “Zirə” kimi intizamlı müdafiəsi ilə seçilən komandaya 30 dəqiqədə üç qol vuran “Sabah” oyunun taleyini məhz bu anlarda həll etdi.
“Zirə” isə rəqibin müqavimətini qıra bilmədi. Hər iki hissədə qol şansları yaradan “qartallar” qapıya düşməkdə çətinlik çəkdi. Hücumda realizasiya problemləri yaşayan “Zirə” azarkeşləri önündə ağır məğlubiyyət yaşadı.
Araz-Naxçıvan – Neftçi 0:4
Andrey Demçenkonun gəlişindən sonra Premyer Liqada ikinci oyunda da xal itirən naxçıvanlıların oyun planında çatışmazlıqları var. Müdafiədə və hücumda dişsiz görünən “Araz-Naxçıvan” yekunda layiq olduğu məğlubiyyəti yaşadı. Elmar Baxşıyevlə vidalaşan klub hələ uğursuz seriyadan çıxa bilmir. Sanki Baxşıyevin “ahı tutub”. Gedişat yaxşı görünmür, nəticələr belə davam etsə, Demçenkonun da Bakı günləri qısa çəkəcək.
“Neftçi” isə mövsümün ən yaxşı oyunlarından birini keçirdi. “Futbol ili”ndə ilk dəfə böyükhesablı qələbəyə sevinən “ağ-qaralar” pozitiv siqnallar verir. Avrokubok zonasından komanda çox uzaq deyil və qələbə seriyasının davam etməsi komandanı “beşlik” mübarizəsinə qoşa bilər.
Qarabağ – Turan Tovuz 1:0
Çempionlar Liqasında tarix yazan “Qarabağ” liqadakı “Kəpəz” məğlubiyyətindən sonra tovuzlular üzərində mühüm qələbəyə sevindi. “Sabah”ın öncədən üç xalı qazanması oyundan əvvəl təzyiqi daha artırmışdı. Xal itkisi fərqi böyüdə bilərdi. Lakin “Qarabağ” oyunboyu üstün olduğu matçda qələbəyə sevindi və xal fərqinin böyüməsinə imkan vermədi.
“Turan Tovuz” isə son dəqiqələrini daha basqılı oynadığı matçda xalsız qaldı. İlk hissədə bir neçə imkan yaradan tovuzlular qol vura bilmədi. “Qarabağ”ı geridə qəbul edən, bəzən ani hücuma çıxan bölgə təmsilçisinin oyunu göstərirdi ki, komanda bir xala razıdır. Son dəqiqələrdə dirəyə dəyən top komandanı xaldan məhrum etdi. Məğlubiyyətdən qaçmağa çalışan tovuzluların hesabı bərabərləşdirməyə gücü çatmadı.
Şahin Cəfərov