Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
25 Oktyabr Qubadlı Şəhəri Günüdür
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi, təxminən, 30 illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Dövlətimizin başçısı oktyabrın 25-i – müharibənin 29-cu günü Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən operativ müşavirədə çıxış edərək bildirdi ki, savaş başlayandan ötən bir aya yaxın müddət ərzində döyüş meydanında böyük uğurlar əldə olunub. İşğalda saxlanılan torpaqlarımızın bir hissəsi Vətən savaşının gedişində azad edilib, 100-dən çox yaşayış məntəqəsi – şəhərlər, kəndlər geri alınıb. Həmin ərazilərdə Azərbaycan bayrağı ucaldılıb.
Azərbaycan Prezidenti çıxışında daha sonra qeyd etdi ki, şəhər və kəndlərimizin videogörüntüləri Azərbaycan ictimaiyyətinə təqdim edilib və hər kəsə vəhşi düşmənin şəhər və kəndlərimizi nə günə qoyduğu aydın olub. Bir dənə də salamat bina saxlanılmayıb, evlər, inzibati binalar, sosial obyektlər, tarixi-dini abidələr mənfur düşmən tərəfindən dağıdılıb. İşğal edilmiş torpaqlar və dağıntılar erməni vandalizminin şahidlərinə çevrilib.
Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad edib. Bu barədə Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.
Həmin gün Müdafiə Nazirliyinin yaydığı məlumatda da cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatlarının müxtəlif intensivliklə aparıldığı, Azərbaycan Ordusunun əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərinin müşahidə olunduğu vurğulanıb. Eyni zamanda, məlumatda qoşunlarımızın cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə ciddi zərbə vuraraq onun müqavimətini zəiflətdiyi, müxtəlif istiqamətlərdə yeni mövqelərə irəlilədiyi və Ermənistan silahlı qüvvələrinin Ağdərə və Xocavənd istiqamətlərində yerləşən bölmələrinin canlı qüvvə baxımından çoxsaylı itkilərə məruz qaldığı qeyd edilib.
Vətən müharibəsinin davam etdiyi günlərdə Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində Ali Baş Komandanın şəhər və kəndlərimizin azad olunması haqqında mütəmadi sosial şəbəkə mesajları, televiziya ilə xalqımıza müraciətləri savaşdan ötən 6 il ərzində tez-tez xatırlanır. Azərbaycanın çoxəsrlik dövlətçilik və hərb tarixinə qızıl hərflərlə yazılan İkinci Qarabağ müharibəsində qəhrəman Silahlı Qüvvələrimizin oktyabrın 25-də Qubadlı şəhərinə çatması, 44 günlük Zəfər yürüşünün ən strateji və həlledici mərhələlərindən biri olan bu şəhərin işğaldan azad olunması daim yada salınır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı “25 oktyabr müharibənin gedişatında önəmli yer tutub. Çünki Qubadlı azad olunandan sonra Laçın istiqamətində yolumuz açıldı və bir neçə gündən sonra biz Laçının cənub hissəsində yerləşən kəndləri də azad etdik. Beləliklə, Laçın dəhlizini nəzarətə götürdük və artıq müharibənin taleyi həll edilmişdi”, – sözləri isə bu qədim, əzəli yurd yerimizin qəsbkardan geri alınmasının önəmi haqqında aydın təsəvvür yaradır.
Qubadlı rayonu Azərbaycanın zəngin təbiətə, münbit torpaqlara və müstəsna geostrateji mövqeyə malik olan diyardır. Coğrafi baxımdan Ermənistanla həmsərhəd olan və Zəngəzur dəhlizinə yaxın mövqedə qərar tutan Qubadlı işğal dövründə işğqəsbkarın xüsusi hədəfində idi. Rayon 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş və sözügedən ərazi erməni vandalizminin ağır təsirlərinə məruz qalmışdı.
Rayonun inzibati ərazisinə daxil olan 1 şəhər və 93 kənddə yaşayan 29 min 997 nəfər soydaşımız işğal nəticəsində məcburi köçkünə çevrilərək respublikamızın müxtəlif ərazilərində müvəqqəti məskunlaşmışdı. Düşmən qısa müddətdə 94 yaşayış məntəqəsini, 7278 fərdi yaşayış evini, 64 inzibati binanı, 148 sosial, 161 mədəniyyət obyektini, 7 məscidi, 16 körpünü dağıtmış və yararsız vəziyyətə salmış, 13 min hektardan artıq meşə sahəsini sıradan çıxarmışdı. Bundan başqa, işğal dövründə fitnəkar düşmən rayonun Hacılı kəndində mişar daşı, Bərgüşad çayının sol sahilində yəşəm, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat yaşayış məntəqələrində mərmərləşmiş əhəng daşı, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yataqlarını qanunsuz istismar etmişdi.
Qubadlı rayonu tapdaq altında saxlanıldığı illərdə Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə Cenevrə konvensiyalarını kobud şəkildə pozaraq, digər ərazilərimizdə olduğu kimi, burada da qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Xaricdən gətirilən ermənilərin bu torpaqlarda yerləşdirilməsi, tarixi-dini abidələrin saxtalaşdırılması və təbii sərvətlərin talan olunması işğalın əbədiləşdirilməsinə hesablanmışdı.
2020-ci il sentyabrın 27-də düşmənin növbəti hərbi təxribatına cavab olaraq “Dəmir yumruq” əməliyyatına – torpaqlarımız uğrunda son və həlledici müharibəyə başlayan Azərbaycan Ordusunun sarsıdıcı zərbələri düşmənin bu məkrli planlarını alt-üst etdi. Qubadlı uğrunda gedən şiddətli döyüşlər nəticəsində rayon tamamilə işğaldan azad edildi, ədalət bərpa olundu.
Rayon işğaldan azad ediləndən sonra burada genişmiqyaslı quruculuq-abadlıq işlərinə başlanılıb. Ötən müddətdə şəhərin Baş planı təsdiqlənib, “Ağıllı” kənd konsepsiyasına uyğun müasir kəndlərin, yaşayış məntəqələrinin və mühüm nəqliyyat layihələrinin icrasına başlanılıb.
Vətən müharibəsindən sonra Prezident İlham Əliyev Qubadlıya dəfələrlə səfər edib. 2020-ci il dekabrın 23-də azad olunmuş rayona səfəri çərçivəsində dövlət başçımiz Qubadlı şəhərində Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıb, sonrakı səfərlərdə isə müxtəlif infrastruktur layihələrinin təməlini qoyub.
30 illik işğal dövründə erməni vandalizminə məruz qalaraq infrastrukturu tamamilə dağıdılan, təbiəti və tarixi-mədəni abidələri viran qoyulan Qubadlı bu gün sürətli dirçəliş dövrünü yaşayır. Böyük Qayıdış proqramı çərçivəsində burada həyata keçirilən layihələrin əsasən 3 strateji istiqamət üzrə genişləndirilməsi mühüm önəm daşıyır. Rayonun sosial-iqtisadi həyatının canlandırılması, eyni zamanda, sakinlərin təhlükəsiz və rahat məskunlaşdırılması məqsədilə, ilk növbədə, müasir nəqliyyat və kommunikasiya şəbəkəsi qurulur.
Qubadlı rayonunun ölkənin digər bölgələri ilə əlaqəsini gücləndirmək üçün indiyədək bir sıra irimiqyaslı yol layihələri icra olunub. Xudafərin – Qubadlı – Laçın, Şükürbəyli – Cəbrayıl – Qubadlı magistral avtomobil yolları, eləcə də Qubadlı – Eyvazlı istiqamətində çəkilən yollar hesabına regionun logistik imkanları kökündən dəyişilib. Bu yollar sayəsində təkcə rayondaxili hərəkət asanlaşmayıb, həm də, ümumilikdə, Şərqi Zəngəzurun nəqliyyat qovşağının əhəmiyyəti yüksəlib.
Qubadlı rayonunda enerji təminatı və rəqəmsal sistemlərin inkişafı da diqqətdə saxlanılıb. “Azərişıq” ASC tərəfindən dayanıqlı, fasiləsiz və “yaşıl” enerji prinsiplərinə əsaslanan elektrik təchizatı şəbəkəsi yaradılıb. Eyni zamanda, rayonda yeni yarımstansiyalar inşa edilib, SCADA rəqəmsal idarəetmə sistemləri tətbiq olunub. Bütün bunlarla yanaşı, qazlaşdırma prosesi və alternativ enerji mənbələrindən istifadə istiqamətində də mühüm layihələrin həyata keçirilməsinə başlanılıb.
Rayonda inşa edilən yeni yaşayış binaları, fərdi evlər və sosial obyektlər enerji səmərəliliyi və ekoloji təmizlik tələblərinə tam cavab verir. Sakinlərin rahat yaşaması üçün həm rayon mərkəzində, həm də kəndlərdə müasir tibb məntəqələri, məktəb binaları, uşaq bağçaları və digər zəruri sosial infrastruktur obyektləri layihələndirilir və inşa olunur.
Qubadlı rayonunun zəngin torpaq ehtiyatları, əlverişli iqlimi və böyük aqrar potensialı var. İşğaldan azad olunduqdan sonra bu potensialın reallaşdırılması üçün davamlı layihələr həyata keçirilir. Rayonun münbit torpaqları yenidən əkin dövriyyəsinə daxil edilir. Müasir texnologiyalara əsaslanan fermer təsərrüfatlarının, o cümlədən intensiv bağçılıq və heyvandarlıq komplekslərinin yaradılması istiqamətində investisiya layihələri reallaşdırılır. Bununla həm ərzaq təhlükəsizliyinə töhfə verilir, həm də məskunlaşacaq əhalinin məşğulluğu gerçəkləşdirilir.
Bütün bunlarla yanaşı, Həkəri və Başlıçay çaylarının böyük su potensialından ekoloji norma və tələblərə uyğun şəkildə istifadə etmək üçün meliorasiya və irriqasiya infrastrukturu yenidən qurulur. Suvarma sistemlərinin modernləşdirilməsi isə kənd təsərrüfatının dayanıqlı inkişafına zəmin yaradır.
Beləliklə, Qubadlı rayonunda icra olunan genişmiqyaslı və davamlı quruculuq layihələri Azərbaycan dövlətinin iqtisadi gücünü, eləcə də tarixi torpaqlarına qayıdan vətəndaşlar üçün ən yüksək yaşayış standartları yaratmaq əzmini nümayiş etdirir. Görülən işlər isə Qubadlını ölkənin ən abad, müasir və iqtisadi cəhətdən dinamik inkişaf edən regionlarından birinə çevirir.
Vaqif BAYRAMOV
XQ