Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
Hər birimizə məlumdur ki, lider uşaqlar digər uşaqlardan seçilirlər. Belə uşaqlar əsasən başqalarını idarə etməyə çalışan, həmçinin, başqalarını təsiri altına almağa cəhd edən uşaqlardır. Ancaq çox vaxt valideynlər “liderlik” məfhumunu “güclülük” məfhumu ilə qarışdırırlar.
Əlbəttə ki, liderlər təkcə öz davranış tərzləri ilə deyil, ətrafdakıların davranış tərzləri ilə də seçilirlər. Belə ki, liderlərin təqlid edilməsi və ya nümunə götürülməsi də bunun nəticəsidir. Ancaq bu liderlikdə qorxu və nifrət yox, sevgi və hörmət hakimdir.
Məlumdur ki, hər uşaq liderlik keyfiyyəti ilə doğulmur. Kimisi lider kimi aşağı, kimisi də lider kimi yuxarı yaşlardan özünü göstərir. Burada əsas məsələ liderlik keyfiyyəti olan uşaqların bu keyfiyyətini necə üzə çıxarmaqdır. Elə isə bunun üçün nə etmək lazımdır?
İlk növbədə, uşağınıza liderliyin nə demək olduğunu izah edin. Üstəlik, daha asan izah etmək mümkün olsun deyə, onun yaş və ya inkişaf səviyyəsindən asılı olaraq nümunələr verin. Məsələn, bir cizgi filmi və ya bir nağıl qəhrəmanının davranışlarından nümunələr gətirərək, liderlik məfhumunu ifadə edin. Hətta bunun üçün həyatınızdakı məşhur liderlərdən də bəhs edə bilərsiniz. Yeri gəlmişkən, bu işdə o lider haqqında filmlər və ya kitablar da sizin köməyinizə gələ bilər.
Evdə ailə daxilində liderlik oyunları oynayın. Məsələn, siz və uşaqlarınız dairə şəklində oturub aranızdan birini lider seçin. Sonra bu lideri dairənin ortasında oturdun. Və o hansı hərəkəti etsə, sizin də o hərəkəti edəcəyinizi deyin. Konkret müddətlərə bölmək şərti ilə sıra ilə bütün oyunçuları lider seçin. Və bu müddət ərzində ən çox hərəkət göstərən oyunçu oyunun qalibi olsun.
Bundan başqa, “Mən olsam”... oyunu oynayın. Ortaya bir problem qoyun və məsələn, “Oyunu uduzmaqda olan bir komandanın məşqçisisən. Nə etməlisən və ya nə deməlisən ki, komandan oyunu udsun”, - deyin. Əlbəttə ki, bu cür oyunlar təkcə uşaqların qərar qəbuletmə qabiliyyətini yox, özlərini baqşalarının yerinə qoyma (başqa sözlə, empatiya) qabiliyyətini də inkişaf etdirir.
Digər tərəfdən, bu işdə uşağınızın təxəyyül gücündən də istifadə edə bilərsiniz. Məsələn, uşağınıza lidersiz bir yerdə hansı problemlərin baş verə biləcəyini düşünməsini təklif edə bilərsiniz. Məsələn, “Məktəbdə direktor olmasa, hansı problemlər ola bilər?”, “Şirkətdə prezident olmasa, hansı problemlər baş verə bilər?”, “İdarədə müdir olmasa, hansı problemlər yarana bilər?” və s kimi...
Bununla yanaşı, uşağınızın məktəbin dərnək fəaliyyətlərində aktiv iştirak etməsinın də onun liderlik keyfiyyətlərinin üzə çıxmasında mühüm rol oynayacağını unutmayın. Hətta əgər mümkünsə, onun dərnəklərdə məsul vəzifələrə seçilməsi üçün cəsarətləndirin.
Evinizlə və ya ailənizlə bağlı qəbul edəcəyiniz hər hansı qərarda ona da səs hüququ verin. Əlbəttə ki, təkliflərini nəzərə almağı da unutmayın.
Həmçinin, uşağnıza müxtəlif layihələr hazırlamağı və bu layihələri ailədə, ya da məktəbdə tətbiq etməyi təklif edin. Məsələn, bu bir yarış təşkil etmək, həmçinin bir qocalar evini ziyarət etmək ola bilər.
Aygün Vəliyeva