Liderə yaraşan oyun

23.11.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Neftçi” Misli Premyer Liqasında növbəti üç xalını qazandı. Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv autsayder “Araz-Naxçıvan”la matçda (3:1) qələbəyə sevindi.

Ev oyunlarını Şamaxıda keçirən naxçıvanlılar dəstəksiz qalmışdı. Tribunalardakı azsaylı fanatlar yalnız “Neftçi” azarkeşləri idi. Oyunun əvvəlindən sonra qədər komandalarını irəli səsləyən “Forza Neftçi” fan klubu yekunda üç xalı bayram etdi.

Qarşılaşmada böyük üstünlük quran bakılılar demək olar, rahat qalibiyyət əldə etdi. Liderə yaraşan futbol sərgiləyən qonaqlar demək olar, rəqibinə ciddi qol şansı vermədi. Hər iki hissədə hücumda fəal olan, epizodlar yaradan “ağ-qaralar” yekunda layiqli nəticəni qazandı. “Neftçi”nin heyətində dubl edən Qustavo Klisman, cinahda Viçko Şevel, hücumda Denzel Jubitana aktivliyi ilə seçildi.

Çempionatın və komandanın bombardiri Breno Almeyda isə enişdədir. Braziliyalı hücumçunun son görüşlərdə məhsuldarlığı aşağı düşüb. “Araz-Naxçıvan”la matçda azı iki real şans yaxalayan Breno “çərçivə”yə düşə bilmədi.

Fasilədən sonra oyuna qoşulan Akinyemi, Saviç və Şkribek də fəallığı ilə seçildi.

Ən yaxın izləyicisi “Turan Tovuz”u qabaqlayan “ağ-qaralar”ın düşərgəsində çempionluq atmosferi var. Qələbəni azarkeşləriylə qeyd edən bakılılarda motivasiya yüksək həddədir.

Qarşıda komandanın qışa qədərki yeganə ciddi sınağı gəlir. Vernidubun yetirmələri XIII turda “Zirə”ni qəbul edəcək. “Neftçi” bu mövsümkü yeganə məğlubiyyətini məhz “qartallar”dan alıb və qarşılaşma revanş kimi olacaq.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью