Liderlərin duelində triller

02.03.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Premyer Liqada çoxdan gözlənilən görüş baş tutdu. Çempionluq mübarizəsi aparan “Sabah”la “Qarabağ” “Respublika stadionu”nda üz-üzə gəldi. Oyuna lider kimi çıxan “bayquşlar” ən yaxın izləyicisi “atlılar”ı 7 xal qabaqlayırdı. “Sabah” qələbə qazanacağı halda, çempionluq yolunda böyük addım atmış olacaqdı. Oyun “Qarabağ”çünsə qızıl medallar yarışından çox da geri düşməmək üçün kritik əhəmiyyət daşıyırdı.

Görüşə meydan sahibləri üstün başlasa da, “Sabah” ilk kəsərli hücumunda hesab açmağa nail oldu. Qoldan sonra basqısını artıran “Qarabağ”ın birinci yarıda cəhdləri boşa getdi. “Sabah” nizamlı müdafiəsi ilə diqqət çəkdi. Fasilədən sonra üstünlüyünü artıran “atlılar” əks-hücumda yaxalandı. Fərqi artıran “bayquşlar” daha rahat oynamağa başladı. Təzyiqdən irəli gələn tələskənlik “Qarabağ” üçün daha bir qolun buraxılması ilə nəticələndi. Artıq dəqiqələr 60-ı göstərirdi və “Sabah” son yarımsaata 3:0 öndə girdi. Valdas Dambrauskasın komandasının belə kritik matçda bu hesabdan sonra oyunu əldən verəcəyi ehtimalı az idi. Amma futboldur, bir göz qırpımında hər şeyin baş verdiyinin bir şahidi oldu.

73-cü dəqiqəsə fərqi azaldan “Qarabağ”a sanki ultragüc gəldi, “Sabah” isə əksinə, üstünlükdən qaynaqlanan rahatlıq komandanın boşalmasına səbəb oldu. 10 dəqiqəyə ardıcıl iki qol da vuran “Qarabağ” hesaba tarazlıq gətirdi. Oyunun sonları daha gərgin alındı. Texniki zonada məşqçilər korpusu arasında yaşanan gərginlik, 0:3-dən geri qayıdan “Qarabağ”ın qələbə arzusu matçın yekununu dramatikləşdirdi. Oyuna əlavə altı dəqiqə artıran, ancaq onun 3-4 dəqiqəsini oynadan baş hakim Tural Qurbanov meydan sahiblərinin narazılığına səbəb oldu. Hər bir halda, oyun gərgin sonluqla da başa çatdı və tərəflər meydanı bir xalla tərk etdi.

Ümumi nəticə çempionluq mübarizəsində “Qarabağ”ın əleyhinədir. Lakin 0:3-dən geridönüş edən komandanın sərgilədiyi xarakter, təslim olmamaq “atlılar” üçün pozitiv məqamdır. “Sabah”ın isə üstünlüyünü qoruya bilməməsi neqativ məqamlara səbəb oldu. İstənilən halda, “bayquşlar” üçün tarixinin ilk çempionluğu indi daha yaxın görünür. 7 xallıq fərqin qorunması və bu oyundan hər cür dərs çıxarmalı olan “Sabah”ın bu andan sonra çempionluğu əldən verməsi klub adına uğursuz mövsüm kimi qiymətləndirilə bilər.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью