Liderlərin duelinə doğru

08.10.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasında VII turda liderlər üz-üzə gələcək.

6 turdan sonra birinci sırada qərarlaşan “Neftçi” eyni xala sahib “Sabah”la qarşılaşacaq. Hər iki kollektivin aktivində 15 xal var və son çempion “bayquşlar” bir oyun az keçirib.

Valdas Dambrauskasın yetirmələri liqada məğlubiyyətsiz yoluna davam edir. “Sabah” 5 matçda cəmi 1 qol buraxıb. Yaxşı formada olan “futuristlər” bu matçdan 4 gün sonra Çempionlar Liqasında Çexiyanın “Slaviya” komandası ilə qarşılaşacaq. “Sabah”ın ardıcıl iki ağır oyunu komandanın hansı durumda olduğunu göstərəcək.

Ümumilikdə, “bayquşlar” geniş heyətə sahibdir. Dambrauskas çempionat matçlarında ehtiyat qüvvəyə daha çox güvənir. Bunadək oyunların ilk hissəsində fərqli heyətlə meydana çıxan “Sabah” fasilədən sonra aparıcı futbolçuların döyüşə atılmasıyla matçların taleyini həll edir. Buna baxmayaraq, litvalı mütəxəssis liderlə səfər görüşünə əsas heyətlə çıxacaq. Qarşıdakı “Slaviya” ilə oyunun hazırlığı da demək olar ki, bu matçda olacaq.

“Neftçi” isə son illərin ən yaxşı startını edib. 6 turda cəmi 1 dəfə məğlub olan “ağ-qaralar” yalnız “Zirə”ylə matçda büdrəyib. Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv ev oyununda rəqibinə ilk məğlubiyyəti yaşatmaq arzusundadır.

“Neftçi” bunadək çempionatda ikinci “altılıq”da qərarlaşan komandalarla üz-üzə gəlib. Qarşıda isə əsas iddialılarla duellər var. Paytaxt klubunun lider kimi başladığı ağır qrafikdən hansı mövqedə çıxacağı maraqla gözlənilir.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью