Liftlərdə rəqəmsal platforma sakinləri izləyəcək YENİ SİSTEM

29.01.2026

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nasazlıq olanda 112-yə birbaşa siqnal ötürüləcək

“Köhnə binalar kənarda qalır, rəqəmsal lift sistemi hər yerə tətbiq edilə bilməyəcək”

Liftlərə internet üzərindən nəzarət ediləcək. Bu barədə “Mylift” rəqəmsal platformasının təqdimat mərasimində xəbər verilib. “Sherg.az” xəbər verir ki, Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə "MyLift” rəqəmsal platforması barədə məlumat verib. “Bəzən liftdən istifadə edərkən tərəddüd edirik. Bu, təhlükəsizliyə birbaşa təsir edən bir mexanizmdir. Rəqəmsal platforma isə şəffaflıq və təhlükəsizlik təmin edir”, söyləyən O.Xəlilzadə deyib ki, xidmət göstərən təşkilatlar bu sistemdən istifadə edəcək. Vətəndaşlar da nəzarəti daha effektiv şəkildə həyata keçirə biləcəklər: “Eyni zamanda, platforma beynəlxalq satışların həyata keçirilməsi və layihənin gələcəkdə beynəlxalq bazara çıxarılması üçün imkanlar yaradır.”

“Lift təsərrüfatında təhlükəsizlik strateji məsələdir. Liftlər yaşayış yerlərində fasiləsiz istifadə olunan mühüm texniki qurğulardır və onların təhlükəsiz istismarının təmin edilməsi normativ tələblərlə tənzimlənir”. Bu fikirləri isə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov “MyLift” rəqəmsal platformasının təqdimat mərasimində səsləndirib. O qeyd edib ki, müasir dövrdə rəqəmsal nəzarət zəruri və qaçılmazdır: “Bu baxımdan “MyLift” platformasının tətbiqi müsbət addım kimi qiymətləndirilir. Platforma məlumatların şəffaf şəkildə toplanmasına imkan yaradır ki, bu da nəzarətin gücləndirilməsinə və qəza hallarının qarşısının alınmasına xidmət edir”.

Paytaxt binalarında liftlərə etibar olmadığı aydın məsələdir. Liftə minən “kəlmei-şəhadət”ini bəri başdan oxuyur. İstər müasir, istərsə də sovet vaxtı tikilən binalar, fərq etmir, lift xidməti qənaətbəxş deyil. Rəqəmsal platformanın sakinlərə həqiqətən də bir faydası, xeyri olacaqmı? Və bu rəqəmsal paltforma köhnə binalarda 2 nəfərin güclə sıxışdığı, üfunətli liftlərlə bağlı da tətbiq ediləcəkmi?  

Sosial Məsələlər üzrə mütəxəssis İlqar Hüseynli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, liftlərinin daxilində təhlükəsizlik kamerası quraşdırılan çoxmərtəbəli binalar var:

"Bu kameralar komendant otağına birləşdirilib. Və bununla da lift daxilində baş verən hadisələri izləyə bilirlər. Qurğuya ziyan vurulması, sakinlərin bəzi hallarda narahatedici davranışla üzləşməsi və sair bu kimi neqativ hallar zamanı komendant otağında əyləşən şəxs bunları görürdü, ölçü götürülürdü. Belə bir sistem mövcud idi. Görünür, indi bunu rəqəmsal transformasiya ediblər. Burada məncə texniki təhlükəsizlikdən daha çox liftlərin daxilində sakinlərin davranışlarına nəzarət ediləcək. Yəni rəqəmsal platfroma nəzarət mexanizmi tətbiq etmək üçündür. Bundan gəlir əldə edəcəklər, lift xidməti haqqına “təhlükəsizliyin təmini” haqqı da əlavə olunacaq. 

İ.Hüseynli əlavə etdi ki, rəqəmsal platformada əgər təhlükəsizlik məsələsi öndə olacaqsa, müsbətdir: 

- Ola bilər, liftdə hər hansı nasazlıq yarananda lift xidməti və ya Fövqəladə Hallar Nazirliyinin 112 xidməti ilə dərhal əlaqə saxlansın və problem aradan qaldırılsın. Yəqin müəyyən aparatlar quraşdırılacaq. Amma liftdə nasazlıq yarananda zatən servis çağırılır, gəlib işlərini görürlər. Ola bilər, informasiya verilsin, harada lift xarab olub. Məlumat ötürülməsi baxımından işlək olsun platforma. Köhnə binalarda isə əlbəttə, bu rəqəmsal platformanın istifadəsi mümkünsüz olacaq. Çünki liftlər bərbad vəziyyətdədir. Ümumiyyətlə, yerli istehsal olan liftlərə etibar zəifdir. Hər halda bu da yeni bir yanaşmadır, təki uğurlu olsun. “Yenilik” naminə atılmış sıradan bir addım olmasın. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью