futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Premyer Liqasında legioner limitinin ləğvindən sonra klublar üstünlüyü əcnəbilərə verməkdədir.
Limitin ləğvi ilə bağlı müzakirələr davam etdiyi vaxta, bir çox mütəxəssislər yerli futbolçular və milli komandalar üçün qərarın mənfi təsirlər göstərəcəyini bildirirdi. Bəzi mütəxəssislər isə çempionatın səviyyəsinin artması üçün limitin ləğvinin zəruri olduğunu qeyd edirdi.
Çempionatda ilk dövrə artıq geridə qalıb. Oyunlara nəzər salsaq, komandaların start heyətlərində demək olar, 9-10 legioner futbolçu yer alır. Bəzən bütün heyət əcnəbilərdə təşkil edilir. Kənarda qalan yerlilər oyun praktikasının azlığından narazı olsalar da, daha çox oynaya biləcəyi aşağı liqa klubuna keçməkdənsə, elitada ehtiyatda qalmağı üstün hesab edir.
Fikirlər var idi ki, yerlilər şans qazana bilmədiyi görüncə, xaricə üz tutacaq, orda nələrsə etməyə çalışacaq. Lakin bu mövsüm Rüfət Abdullazadədən savayı, Avropada müəyyən səviyyəsi olan bir liqaya gedən olmadı. Abdullazadə də “Varajdin”ə, Xorvatiyanın ortabablarından olan kollektivə qoşuldu. Lakin fasilədə yenidən “Zirə”yə qayıtdı. Görünür, bizim yerli oyunçular ortabab klublarda belə forma şansı qazanmaqda çətinlik çəkir. Son illərdə ölkə xaricində mütəmadi oynayan Mahir Emrelidir ki, onun də son dönəmlərdə işləri qaydasında getmir.
Limitin ləğvinin ən böyük mənfi təsiri milli komandayadır. Yığmanın baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi oyunları zamanı heyətlə bağlı seçim etməkdə problemlər yaşadığını, oynamayanların yığmaya çağırıldıqlarını bildirirdi. Bu, oyunlarda da çatışmazlıqlar yaradır, futbolçuların fiziki durumlarına ciddi təsir göstərirdi.
Lakin artıq qərar verilib və azı mövsümün sonuna kimi bu hal davam edəcək. Premyer Liqada qış transfer dönəmi başlayıb, bütün klublar əcnəbi axtarışındadır. Yerlilər klub tapmaqda çətinlik çəkir. Nə oyanlıq, nə buyanlıq vəziyyət yaranıb. Durumdan çıxış yolu üçün alternativlər tapmaq mütləqdir.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.