Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az
İş axtaran şəxslər üçün peşəkar təcrübə və bacarıqlarını düzgün təqdim etmək işə qəbul prosesində mühüm əhəmiyyət daşıyır. Xüsusilə LinkedIn kimi peşəkar platformalarda namizədlər öz təcrübələrini, nailiyyətlərini və biliklərini nümayiş etdirərək işəgötürənlərin diqqətini cəlb etməyə çalışırlar. Lakin rəqabətli əmək bazarında bəzi şəxslər daha cəlbedici profil yaratmaq üçün real təcrübələrini olduğundan artıq göstərir, sahib olmadıqları bacarıqları qeyd edir və ya əvvəlki vəzifələrinin əhatə dairəsini şişirdirlər.
Bu cür təqdimat qısa müddətdə namizədin diqqət çəkməsinə kömək etsə də, işə qəbul prosesində və sonrakı karyera mərhələlərində müəyyən problemlər yarada bilər. Xüsusilə işəgötürənlərin namizədlərin peşəkar keçmişini daha diqqətlə araşdırdığı şəraitdə “LinkedIn” profilindəki məlumatların doğruluğu da əhəmiyyət qazanır.
Təcrübənin şişirdilməsi
“LinkedIn”də təcrübəni olduğundan artıq göstərmək müxtəlif formalarda özünü büruzə verir. Məsələn, qısa müddət könüllü fəaliyyət göstərən şəxs bunu tam ştatlı iş təcrübəsi kimi təqdim edə, sadəcə layihədə iştirak edən namizəd isə özünü həmin layihənin rəhbəri kimi göstərə bilər. Bəzi istifadəçilər isə kifayət qədər biliyə malik olmadıqları proqramları və peşəkar bacarıqları profillərinə əlavə edirlər.
“GCheck” şirkətinin 2026-cı ildə 1 500 iş axtaran şəxsin iştirakı ilə keçirdiyi araşdırmada respondentlərin 93 faizi işə qəbul prosesində öz təcrübə və bacarıqlarını müəyyən formada şişirtdiklərini və ya yanlış məlumat verdiklərini etiraf edib. İştirakçıların 61 faizi vakansiyaya daha uyğun görünmək üçün peşəkar bacarıqlarını olduğundan artıq göstərdiklərini, 59 faizi isə əvvəlki iş yerlərindəki vəzifə və məsuliyyətlərinin miqyasını şişirtdiklərini bildirib.
Araşdırma ABŞ-da iş üçün müraciət etmiş şəxsləri əhatə edir və nəticələri Azərbaycan əmək bazarına birbaşa aid etmək olmaz. Bununla belə, rəqabətli iş mühitində namizədlərin özlərini daha təcrübəli göstərmək meylinin mövcudluğunu nümayiş etdirir.
İşə qəbul riski
Namizədin LinkedIn profilində göstərdiyi məlumatlar işəgötürən üçün ilkin qiymətləndirmə vasitələrindən biridir. İşə qəbul zamanı qeyd edilən vəzifələr, təhsil, bacarıqlar və əvvəlki iş təcrübəsi müsahibə mərhələsində əlavə suallarla yoxlanıla bilər.
Məsələn, profilində layihə idarəetməsi üzrə təcrübəsi olduğunu bildirən namizəddən konkret layihələr, qarşılaşdığı çətinliklər və əldə etdiyi nəticələr barədə danışması istənilə bilər. Namizəd bu suallara əsaslandırılmış cavab verə bilmədikdə, profilindəki məlumatların doğruluğu şübhə altına düşür.
“LinkedIn”in peşəkar icma qaydaları da istifadəçilərdən özləri, iş təcrübələri, ixtisasları, əlaqələri və nailiyyətləri haqqında düzgün məlumat verməyi tələb edir. Platforma saxta profil yaratmağı və peşəkar keçmiş barədə aldadıcı məlumat paylaşmağı qadağan edir.
Etibarın itirilməsi
Təcrübəni şişirtməyin əsas risklərindən biri işəgötürənin namizədə olan etibarını itirməsidir. Hətta namizəd müsahibə mərhələsini keçərək işə qəbul olunsa belə, elan etdiyi bacarıqları real iş prosesində nümayiş etdirə bilməməsi problem yarada bilər.
“GCheck”in 2026-cı il araşdırmasına əsasən, məlumatlarını şişirdən respondentlərin 29 faizi sonradan bu uyğunsuzluğun iş yerində üzə çıxdığını, 25 faizi isə bacarıqlarının CV-də göstərilən səviyyəyə uyğun gəlməməsi səbəbindən mənfi iş nəticələri ilə üzləşdiyini bildirib.
Bu vəziyyət yalnız işəgötürənlə münasibətlərə deyil, əməkdaşın öz peşəkar inkişafına da təsir edə bilər. Çünki real bacarıqlarla təqdim edilən təcrübə arasında fərq olduqda, işçinin üzərinə götürdüyü vəzifələri yerinə yetirməsi çətinləşir.
Dürüst profil strategiyası
“LinkedIn” profilinin cəlbedici olması üçün mütləq uzunmüddətli iş təcrübəsinə sahib olmaq tələb olunmur. Universitet layihələri, könüllülük fəaliyyəti, təcrübə proqramları, fərdi təşəbbüslər və sərbəst fəaliyyətlər də namizədin peşəkar inkişafını nümayiş etdirə bilər.
Əsas məsələ bu fəaliyyətlərin düzgün təqdim olunmasıdır. Məsələn, bir layihədə iştirak edən şəxs özünü onun rəhbəri kimi göstərmək əvəzinə, konkret olaraq hansı işləri gördüyünü və hansı nəticələr əldə etdiyini qeyd edə bilər. Eyni zamanda, hələ öyrənilməkdə olan bacarıqları mükəmməl səviyyədə bilirmiş kimi təqdim etmək əvəzinə, real bilik səviyyəsini göstərmək daha məqsədəuyğundur.
Beləliklə, LinkedIn profilinin məqsədi namizədi olduğundan daha təcrübəli göstərmək deyil, onun real potensialını, bacarıqlarını və peşəkar inkişaf istiqamətini nümayiş etdirməkdir.