“Liqalar nə qədər çox olsa, futbolun inkişafı daha yaxşı olar”

10.06.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Zirə”nin əvəzedici komandasının baş məşqçisi Hacı Əhmədovun “Futbolpress.az“a müsahibəsi:

– Əvvəlcə, məşqçilik karyeranıza necə başlamağınızdan danışardınız.
– Futbolçu karyeramı bitirəndən sonra məşqçi olmağa qərar verdim. Məşqçilik karyerama Zaqatalada başlamışam. Aşağı yaş qruplarında çalışmışam. Sonra Rəşad Sadıqov məni “Zirə”yə çağırdı.

– Erkən yaşda futbolçu karyeranızı bitirməyiniz nəylə bağlı idi?
– Dizimdən zədə almış, iki dəfə əməliyyat olmuşam. Qığırdaq problemi olduğu üçün qısa çəkdi.

– Çox da uzun çəkməyən karyeranız istədiyiniz kimi alındı?
– Futbolçunun aruzusu millidə, yaxşı komandalarda oynamaqdır. U-15 yığmasından əsas milliyə qədər hamısında oynamışam. Klub karyeram da pis alınmayıb. Ən güclü komandalardan olan “Qarabağ”da oynamışam. Buna görə düşünürəm ki, qısa olsa da, pis karyeram olmadı.

– “Zirə”nin əvəzedici komandası əvvəlki illərdən fərqli olaraq bu mövsüm daha uğurludur. Akademiyada işləriniz necə gedir?
– Hər şey qaydasındadır. Akademiya olaraq “Rekord” arenada məskunlaşmışıq. Şərait pis deyil, daha yaxşısını istərdik. Yaxşı stadionların olmağı arzumuzdur. Bu da olar deyə, ümid edirəm. Akademiyada rəhbərimiz Zaur Həşimovdur. O da çalışır ki, yaxşı şeylər olsun. Şəraitimiz pis deyil.

– Mövsümün əvvəlində Əvəzedicilər Liqasının ləğvi müzakirə olunurdu. Bu məsələyə sizin mövqeyiniz nədir? Çempionat həqiqətən, ləğv olunmalıdırmı?
– Əvəzedicilər Liqası qalmalıdır. Çünki burdan millinin müxtəlif yaş qruplarına dəvət alan futbolçular olur. Əvəzedicilərin yarışı olmasa demək olar, bütün millilərə təsir olar. Çünki əvəzedicilərin çempionatı daha çətin olur nəinki, U-19-ların yarışı. Ən pis halda, bu liqa ləğv edilsə, U-21 liqası yaradılmalıdır. Çünki bu ikisindən biri şərtdir. Liqalar nə qədər çox olsa, futbolun inkişafı daha yaxşı olar.

– Yeganə əvəzedici komandasınız ki, heyətdə bütün oyunçular öz yetirmələrinizdir. Bunu necə bacardınız?
– Komandaya dəvət olunan futbolçularla Rəşad müəllim özü də yaxından maraqlanır. İndiki uşaqlar artıq neçə müddətdir, bizimlədir. Onları aşağı yaş qruplarından hazırlayırdıq. Bu il isə nəticəsini görür, komandada oynadırıq.

– Son olaraq, məşqçi kimi hədəfiniz nədir?
– Millidə işləmək hər məşqçinin arzusudur. Necə olacağını zaman göstərəcək. İndi bununla bağlı konkret nəsə deyə bilmərəm.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью