futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan milli komandası Millətlər Liqasında sabah ilk oyuna çıxacaq. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Litvanın qonağı olacaq. Kaunasda baş tutacaq görüşə saat 17:00-da start veriləcək.
Yığmanın sabiq baş məşqçisi Şahin Diniyev qarşıdan gələn matç barədə “Futbolpress.az“ın suallarını cavablandırdı:
— Litva ilə qarşılaşmadan gözləntiləriniz nədir?
– Yoldaşlıq matçlarını nəzərə almasaq faktiki olaraq komandamızın ilk rəsmi sınağıdır. Son zamanlar qarşılaşdığımız rəqiblər, yəni Malta, San-Marino və Tacikistan bizə meydanda ciddi təzyiq göstərə bilməyən komandalar olub. Buna görə də millimizin real gücünə tam bələd deyilik. Tacikistanla son matçda da problemlər görünürdü. Xüsusilə hücumların qurulmasında və ümumi oyun keyfiyyətində komanda hələ istənilən səviyyədə deyil.
– Sizcə, bu problemlərin kökündə nə dayanır?
– Əsas səbəblərdən biri Premyer Liqada legioner limitinin ləğvindən sonra yerli futbolçularımızın praktikadan əziyyət çəkməsidir. Rəsmi matçlarda 90 dəqiqə yüksək tempdə mübarizə aparmaq üçün meydanda daimi təcrübəsi vacibdir. Mütəmadi şans qazanmayan futbolçu isə keyfiyyətli oyunu sonadək qoruya bilmir.
– Rəqibimiz Litva millisinin imkanlarını necə dəyərləndirirsiniz?
– Hazırda D Liqasındakı komandaların, istər bizim, istər Lixtenşteynin, istərsə də Litvanın səviyyəsi və imkanları demək olar ki, eynidir. Litvanı üstələmək imkansız deyil, tam bizimlə eyni gücdədir. Bu cür oyunlarda daha çox səhv edən tərəf məğlub olacaq. Litva artıq ilk matçda Lixtenşteyni udaraq 3 xal qazanıb, evdə oynayır və qrupda mövqeyini möhkəmləndirmək istəyir. Bu baxımdan bizim üçün ən vacib şərt, ilk növbədə, xalsız qalmamaqdır. Lakin Tacikistanla oyunda göstərdiyimiz futbol Litvanı məğlub etməyə bəs etməyəcək. Qalib gəlmək üçün keyfiyyəti və motivasiyanı xeyli artırmaq lazımdır.
– D Liqasından birbaşa Avropa çempionatının pley-offuna yol tapmaq reallığa nə dərəcədə uyğundur?
– D Liqasının qalibi olub birbaşa Avropa çempionatının pley-offuna düşmək reallıqdan uzaq görünür. Buradan çıxdıqdan sonra qarşıda C və B liqaları var, həmin pillələri adlamadan birdən-birə pley-offa vəsiqə qazanmaq çətindir. Əvvəllər Şimali Makedoniya və ya Gürcüstan kimi komandalar pley-offa vəsiqə qazanarkən bir neçə mürəkkəb mərhələdən keçərək bu nöqtəyə çatmışdılar.
– Ümumiyyətlə, Millətlər Liqasının hazırkı formatı və gələcəyi barədə nə düşünürsünüz?
– Məndə olan məlumata görə, UEFA bu formatın özünü tam doğrultmadığını düşünür və turnirin reqlamentində dəyişikliklər edilməsi planlaşdırılır. Yəqin ki, gələcəkdə Millətlər Liqası fərqli formatda keçiriləcək. Düzünü desək, hazırkı turnir əslində yoldaşlıq oyunları xarakteri daşıyır. Əsas mübarizə Avropa və Dünya çempionatlarının seçmə mərhələlərində gedir. Millətlər Liqası zəif komandalara müəyyən şans vermək üçün yaradılmışdı, lakin gedişat göstərir ki, format yenidən işlənməlidir.
Ayxan Zayıdzadə